Ürəyimiz üçün ən faydalı meyvələrdən biri
- Admin
- 01-apr-2024, 18:05
- 0 Baxış
Bu ekzotik meyvə bizim qidalanmamızda çox geniş istifadə olunur. Biz əsasən 1 növ banan tanıyırıq və bu meyvə bizdə çiy vəziyyətdə yeyilir və ya kokteyllərin, şirniyyatların hazırlanmasında istifadə olunur.
Dünyada isə bananın növləri çoxdur. Onlardan bəziləri şirin deyil və bu bananlardan yemək bişirirlər - qızardırlar və s.
Banan ən xeyirli meyvələrdən biridir. Banan bir çox faydalı maddələrlə zəngindir - burada təbii liflər, karbohidratlar, müxtəlif vitaminlər (E, B qrupu, C), beta-karotin, aminturşuları, minerallar (kalium, maqnezium, fosfor, dəmir, mis, kalsium və s.) var.
Kalium və maqnezium kimi minerallarla zəngin olan banan ürək üçün çox xeyirlidir. Bu iki mineral ürəyin normal fəaliyyətini təmin edir, onun sağlamlığını qoruyur. Məhz bu səbəbdən ürək xəstəlikləri olan insanlara kardioloqlar hər gün 1 orta ölçüdə banan yeməyi tövsiyə edirlər.
Banan B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmdə gedən bir çox proseslərdə fəal iştirak edir. B3 vitamini orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır, beyin damarlarında qan dövranını yaxşılaşdırır, B5 mübadilə proseslərdə və bəzi hormonların sintezində iştirak edir, B6 dişlərimiz, dərimiz, saçlarımız üçün çox vacibdir.
B qrupu vitaminləri insanın sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, fəaliyyətini tənzimləyir. Yuxusuzluqdan, stresdən əziyyət çəkən insanlar hər gün banan yeməlidir.
Bananın tərkibində həmçinin triptofan aminturşusu var. Bu maddədən orqanizmdə melatonin hormonu sintez olunur. Orqanizmdə melatoninin sintezi pozulduqda insan yuxusuzluqdan əziyyət çəkir. Həkimlər yuxusuzluqdan əziyyət çəkən insanlara yatmazdan əvvəl südlü-bananlı kokteyl içməyi tövsiyə edir. Bu kokteyl çox asan hazırlanır: 1/2 banan və 1 stəkan ilıq süd blenderdən keçirilir. Yeri gəlmişkən, süd də triptofan aminturşusu ilə zəngindir. Belə kokteyli uşaqlara da vermək olar.
Banan nəfəsalam sistemi üçün də çox xeyirlidir. Bronxit, öskürək zamanı südlü-bananlı kokteyl bronxlarda yığılmış bəlğəmin çıxmasını asanlaşdırır.
Banan kalorili meyvədir, insana əlavə enerji verir, daha gümrah edir, fiziki gərginliklərə olan davamlılığını artırır. Məhz bu səbəbdən idmançılar bananı öz qidalanmasında daim istifadə edirlər.
Banan mədə-bağırsaq sistemi üçün də çox faydalıdır. Bananın lifli əti bağırsaqları orada yığılan ziyanlı maddələrdən təmizləyir, mədə xorası zamanı xeyirlidir.
Banan qara ciyərin fəliyyətinə çox müsbət təsir edir, qara ciyərdə gedən mübadilə prosesləri normallaşdırır.
Belə hesab olunur ki, banan kişi sağlamlığına da müsbət təsir edir, potensiyanı artırır.
Banan kosmetologiyada çox geniş istifadə olunur. Banan dərini cavanlaşdırır, daha elastik və hamar edir. Ən sadə maska resepti: bananı əzib xama ilə qarışdın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
1/2 banan əzin, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı limon yaxşı qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra üzünüzü yuyun.