"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
- Admin
- 01-mar-2024, 17:33
- 0 Baxış
Valideynləri ən çox narahat edənlərdən biridə övladlarının başqaları tərəfindən vurulduğunda nə etməli olmasıdır.
Övladlarının (əksərən oğlanların) kimsə tərəfindən zərər gördüyü anlarda reaksiya verib, ya verməməsi və ya özünü qorumaq məqsədli uzaqlaşmadan edə biləcəyi bir davranış varmı? Bu hallarda ana olaraq necə münasibət göstərməli olduqlarını tam bilmirlər.
Uşaqların bu hallarda özlərinin həll yolu tapmalarını gözləmək yanlışdır. Əksərən nəzarət etmək, ən çətin anlarda isə müdaxilə etmək lazımdır.
Uşaqlar təqlidlə, qayğı ilə bəslənirlər. Əgər uşaq valideynlərindən edilən hər hansı mənfi hərəkətə görə müəyyən “diqqət” görürsə uşaq müsbət diqqəti, qayğını görmədiyi üçün bunu mənfi, neqativ davranışla əvəz edir. Məsələn, məktəbdə uşaqları vuran uşağın anası “sən niyə belə edirsən, niyə məni incidirsən” şəklində münasibət göstərdikcə uşaq bunu müsbət qayğıya kompensasiya kimi dəyərləndirir və artıq davranışlarını məqsədli etməyə çalışır.
Uşağın valideynləri ilə qurduğu münasibət təməldir. Çünki onların təcavüzkar, başqalarına qarşı zorakılıq eden bir xarakterdə olması, yaxud da müdafiəsiz, qorxaq, çəkingən böyüməsinin səbəbi əksər hallarda valideynlər olur. Ancaq bəzi uşaqlara kiçik yaşlarından ya laqeyd yanaşdıqda (laqeydlik valideyn onunla birlikdə olsa belə ola bilər), ya kaprizləri ilə razılaşıb uşağı “olmaz”larla tanış etmədikdə onlar ikili münasibətlərdə və sosial mühitlərdə təcavüzkarlığa yönəlirlər. Bu uşaqların xüsusilə, məktəbəqədər dövrlərində (2-3 yaşdan sonra) qarşısındakı insana hörmət etməyi aşılamaq şərt olmalıdır ki və bu da uşağın valideynlərindən gözlənilir.
Düşünə bilərsiniz ki onları vura biləcək insanlar həmişə ola bilər, biz həmişə qaçmağı aşılayaq?
Əksərən atalar: “səni vuran olsa, sən ondan da pis vur” deyirlər, analar isə əksinə: “gedib bunu müəllimə de” və bununla da gələcək müdafiəsiz bir insanın təməlini qoyurlar. Təcavüzkar xarakterli hərəkəti (atanın vurğuladığı) və ya qaçmağı (ananın vurğuladığı) heç bir halda özünümüdafiə mexanizmi ilə qarışdırmaq olmaz. Usağa özünümüdafiəni öyrətmək "başqalarını döyə bilərsən" mənasını ifadə etmir. Və ya uşaq bir neçə dəfə müəllimi, yaxud da valideyni tərəfindən müdafiə olunduğunu görsə bu ona zövq verəcək və daima ətrafdan asılı olacaq.
Bəli, uşaga "yoldaşların sənə əl qaldırsa sən də onları vur" demək doğru olmaz, amma onu müdafiədən çəkindirmək də yanlışdır. Uşaq özünü nə şəkildə müdafiə etməyi öz təcrübələri əsasında öyrənməlidir. Bundan başqa uşaq onu vuran birisiylə ondan qorxduğu üçün oynamaq, ya onun istəklərini yerinə yetirmək məcburiyyəti hiss edə bilər, biz ona buna məcbur olmadığını aşılamalıyıq.
Hadisələrə müdaxilə etməmişdən öncə ona lazımı şəkildə izahatlar vermək, bunu oyunlar, nağıllar (hansı ki siz tərəfindən qorxular yerləşdirmədən uydurulmuş) və s. şəklində yönləndirmələr edərək aşılamaq lazımdır. Və övladlarınıza “ilk vuran sən olma, ancaq sənə vuran olduqda buna qarşı reaksiya verməkdən çəkinmə” şəklində yanaşma göstərin.
Əgər yönləndirmələriniz tam şəkildə nəticə verməzsə, hadisə sizin göz önünüzdə ciddi şəkildə baş verərsə müdaxilə edə bilərsiniz. Ancaq hadisənin ilk anında müdaxilə etməyin, çünki bəzən uşaqlar mübahisə etdikdən sonra oyuna davam edirlər. Bu hal böyüdükcə azalır. Çünki uşaqlarda tam olaraq nifrət, kin, empatiya hissi kiçik yaşlarda formalaşmır. Əgər mübahisə heç bir şəkildə dayanmazsa o zaman müdaxilə etməyiniz daha doğru olar. İlk olaraq şiddət göstərən uşaqla kontakt yaradın, niyə belə etdiyini, buna ehtiyac olub-olmadığını, vurmağı başqa nə ilə əvəzləməyin mümkünlüyünü soruşun. Sonra sizin rəhbərliyinizlə bərabər oynamağı təklif edin, bunları edək şəklində uşağın nə istədiyini müəyyənləşdirin. Əgər həmin uşağın valideynləri oradadırsa onların da rəhbərlik etmələrinin lazım olduğunu bildirin. Əgər uşaq aqressiyasında inadkarlıq edirsə bu rəhbərliyi dayandırın. Çünki bu tip uşaqlar valideynlərindən bu inadkarlığı öyrənirlər.
Və həmin an üçün o yerdən uzaqlaşmağınız mümkün olmazsa uşağa qərarlı bir şəkildə bunu etməməli olduğunu, əgər edərsə sizdən də bu şəkildə reaksiya ala biləcəyini bildirin.
Beləki, ilkin olaraq səbəbini soruşub bunda cavab almasanız etdiyi hərəkət üçün “üzür istəməli” olduğunu bildirin və bundan sonra dostlarınla doğru şəkildə oynamağa davam et. Uşaq üzür istəməsə, ona “mən sənə vursam nə edərsən? Bu xoşuna gələr?” deyə bilərsiniz. Bəzən belə döyməyə meyl edən uşaqlar bu sözlərdən təsirlənmirlər, o zaman “mən sənə şillə vuracam, görürsən ki səndən böyüyəm və istəsəm səni ciddi şəkildə incidə bilərəm, nə düşünürsən” deyə bilərsiniz. O sual artıq onu incidəcək və o da davranışını dəyişəcəkdir.
Bu hallarla hər gün dəfələrlə qarşılaşa bilərsiniz, siz sadəcə qorumalısınız. Sadəcə qorumaqla, qoruyucu olmaq başqadır. Məsələn, yol keçərkən, uşağın əlindən tutub, yolu keçmək üçün yolun boş olmasını və avtomobillərin dayanmasını gözləmək lazımdır deyərək izahat vermək uşağı qorumaqdır, amma yolu keçərkən uşağı qucağınıza alıb qarşı tərəfə keçmək qoruyucu davranmaqdır.
Hər bir halda “dostun sənə vurduqda sən də onu vur” şəklində istiqamətləndirmək yanlış qiymətləndirilir. Yəni uşağın özünün necə müdafiə etməsi başqa, ananın təlqinləri ilə təcavüzkarlığa, vurmağa həmişə vurmaqla cavab verməyi öyrənməsi tamamilə başqadır. Uşağa vurma deməyə bilərsiniz, amma vur deyərək də təcavüzkarlığı da öyrətməməliyik.
Ümumiyyətlə, bu mövzu konkret şəkildə doğruları əks etdirmir. Mütəxəssislərin irəli sürdüyü alternativ seçimləri və məsləhətləri əsasında övladınızın həm şəxsiyyət inkişafına mane olmayan, həm fiziki olaraq xəsarət görməyəcəyi şəkildə analıq instiktlərinə əsaslanıb hər hadisəyə fərqli reaksiyalar göstərə bilərik.