Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM
- Admin
- 13-apr-2024, 09:38
- 0 Baxış
Bir çox şirin qidalar var ki, onların günlük qəbulu nəinki xeyirdir, hətta vacibdir.
Aztəhsil.com xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova bu dəfə uşaqların gündəlik tələbatında onlar üçün vacib xeyirli şəkərlərdən danışıb.
Həkim deyib: "Meyvə-tərəvəz, bal, quru meyvələr - bütün bu təbii məhsulların tərkibində vitaminlər və mikroelementlər var. Meyvə-tərəvəz, giləmeyvə qəbulu immuniteti artırır, orqanizmi gücləndirir. Quru meyvələri uşaqlara 1,5 yaşından etibarən vermək olar. Şəkər əlavə olunmadan qurudulmuş təbii meyvələrdə çox miqdarda kalium, kalsium, dəmir və pektin var. Balın faydası hamıya məlumdur. İmmuniteti artırır, beyni qidalandırır və mədə-bağırsaq sisteminin fəaliyyətini normaya salır.
Bundan əlavə, bal sümük sistemini möhkəmlədir və hemoqlobini artırır. Bütün bunlarla yanaşı unutmaq olmaz ki, bal, eyni zamanda, hipoallergen təsirə də malikdir. Balı uşaqlara yaşlarından asılı olaraq vermək daha məqsədəuyğundur. Bir yaşdan yuxarı körpələrə isə bal az miqdarda verilməlidir.
Çox vaxt uşağın həyatının ilk ilindən etibarən valideynlər onlara gün ərzində şirin su və ya çay verirlər. Bu qətiyyən düzgün deyil. Südəmər uşaqların rasionunda olan ana südü və əlavə qidalar (meyvə, tərəvəz, sıyıqlar) onların günlük karbohidrat tələbatını tam ödəyir. Şirin suyun əvəzinə adi su verilməsi daha düzgündür.
Ümumiyyətlə, şirin qidalar uşaqlara yalnız yeməkdən sonra, tələb olunan miqdarda verilməlidir.
Onu da qeyd edim ki, analar çox diqqətli olmalı və uşaqların düzgün qida vərdişlərini körpəlikdən formalaşdırmalıdırlar”.