Valideyin

Uşaqlar hansı işlərdə işlədilə bilməz?

  • Admin
  • 02-mar-2024, 18:19
  • 0 Baxış

 

Hər birimiz gün ərzində müxtəlif işlərdə çalışan uşaqlara rast gəlirik. Uşaq əməyindən müxtəlif sahələrdə, xüsusən də xidmət sahələrində daha çox istifadə edilir. Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir.
Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. 15-18 yaşlı uşaqların işləməsinə icazə verilsə də, qanunvericilik həmin uşaqlara əmək münasibətlərində güzəştlər, imtiyazlar və əlavə təminatlar nəzərdə tutur. Bu güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab olunmur.
Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının hüquq məsləhətçisi Pərviz Zamanlı jurnalistlərə bildirib ki, qanunvericiliyə görə, gəncləri istehsalata hazırlamaq üçün orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, litseylərin və orta ixtisas tədris müəssisələrinin 14 yaşına çatmış şagirdlərinin istehsalat təlimi keçirilməsi üçün dərsdən asudə vaxtda onların səhhətinə ziyan yetirməyən yüngül işlər yerinə yetirməklə, valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilməsinə yol verilir.
Onun sözlərinə görə, işəgötürən tərəfindən qanunvericilikdə yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara əməl olunması məcburidir. Hüquqşünas bildirib ki, yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.
"Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Bu işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınmalıdır. İşə düzələrkən bu şəxslərlə əmək müqaviləsi sınaq müddəti tətbiq edilmədən bağlanılır".
Uşaq əməyindən istifadənin qadağan olunduğu sahələrə toxunan hüquqşünas bildirib ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Həmçinin, icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi də qadağandır.
Zamanlının sözlərinə görə, yaşı 18-dən az olan işçilərin normadan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. O bildirib ki, bu normalar Əmək Məcəlləsi ilə müəyyən edilib. Belə işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
P. Zamanlı bildirib ki, yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.
Həmçinin qanunvericilik yaşı 18-dən az olan şəxslərin yaşı və fizioloji xüsusiyyətləri nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edir.
" Qısaldılmış iş vaxtının müddəti həftə əzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz. 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir".
P.Zamanlı qeyd edib ki, yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir.
"Həmçinin, yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir".
Zamanlı deyib ki, yaşı 18-dən az olan işçilər də əvəzçilik qaydasında əlavə iş yerlərində işləyə bilərlər. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.
"Lakin yaşı 18-dən az olan işçilərin əvəzçilik üzrə başqa iş yerlərində işləməsinə yalnız o halda yol verilir ki, həm əsas, həm də əlavə iş yerində iş vaxtının müddəti qanunla müəyyən edilmiş qısaldılmış iş vaxtından artıq olmasın".
Zamanlının sözlərinə görə, yaşı 18-dən az olan işçilərə verilmiş güzəştlərdən biri də onların attestasiyadan keçirilməsinə yol verilməməsidir.
Hüquqşünas deyir ki, qanunvericilik yaşı 18-dən az olan işçini peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə işdən çıxarılmasını qadağan edir.
Əmək məzuniyyətinin verilməsində də yaşı 18-dən az olan şəxslər üçün təminatlar nəzərdə tutulmuşdur.
Zamanlı bildirib ki, yaşı 18-dən az olan işçilərin əmək müqaviləsi bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ var.
"Sonrakı illərdə isə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli vaxtda verilə bilər. Yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən,16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilir".
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?