Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydası
- Admin
- 18-apr-2024, 20:38
- 20 Baxış
Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən hazırlanmışdır və təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.
2. Təhsil müəssisələrində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi
2.1. Məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanlar yaşadıqları ərazi poliklinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin edilirlər.
2.2. Peşə, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsilalanlara onların yaşadıqları ərazi poliklinikaları tərəfindən pulsuz tibbi xidmət göstərilir.
2.3. Təhsilalanların olduğu yer peşə, orta ixtisas, ali təhsil müəssisələrinin yerləşdiyi yerdən kənarda olduqda, onlara həmin təhsil müəssisələrinin aid edildiyi ərazi poliklinikaları tərəfindən tibbi xidmət göstərilir.
2.4. Təhsil müəssisəsində tibbi xidmət müəssisəsi varsa, bu halda burada təhsilalanlar həmin tibb müəssisəsi tərəfindən tibbi xidmətlə pulsuz təmin edilirlər.
2.5. Təhsilalanlara zəruri hallarda onlara xidmət göstərən poliklinikalar tərəfindən verilmiş göndəriş əsasında stasionar tipli müəssisələrdə pulsuz tibbi xidmət göstərilir.