“Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası”nın təsdiq edilməsi barədə qərar
- Admin
- 30-apr-2024, 17:42
- 43 Baxış
“Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası”nın təsdiq edilməsi barədə
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (R.Hüseynov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu qərarın surətinin ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.8-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (bundan sonra - məktəb) günüuzadılmış qrupların (bundan sonra - qrup) təşkili qaydasını tənzimləyir.
1.2. Qrup ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə məktəbdə yaradılır.
1.3. Bu Qaydada istifadə olunmuş anlayışlar Qanunda verilmiş mənaları ifadə edir.
2. Qrupun komplektləşdirilməsi qaydası
2.1. Qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunur.
2.2. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir.
2.3. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdirilir. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərir.
2.4. Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil edilir və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınır.
2.5. Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılır, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən edilir.
2.6. Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərmir.
3. Qrupun işinin təşkili və idarəolunması
3.1. Qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda:
3.1.1. şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə:
3.1.1.1.ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət verilir;
3.1.1.2. şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanır;
3.1.1.3. cütlükdə və kiçik qruplarda öyrənmə təmin edilir;
3.1.2. şagirdlərin idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə:
3.1.2.1. qrup otağındakı müvafiq dəstəkləyici mühit (əyani vasitələr, manipulyativlər, İKT vasitələri və s.) vasitəsilə biliyə və elmə maraq yaradılır;
3.1.2.2. qrupda ünsiyyət və davranış mədəniyyəti formalaşdıran inkişafetdirici mühit təmin edilir;
3.1.2.3. sərgilər, səhnəciklər, mütaliə saatları təşkil edilir;
3.1.3. şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasına dəstək məqsədilə:
3.1.3.1. məntiqi və tənqidi təfəkkürünün inkişaf etdirilməsinə yönələn öyrədici oyunlar təşkil edilir;
3.1.3.2. fiziki aktivliyi təmin edən hərəki oyunlar və idman yarışları təşkil edilir;
3.1.4. şagirdlərin dünyagörüşünün formalaşdırılmasına dəstək məqsədilə:
3.1.4.1. şagirdlərin yaş səviyyəsinə və maraq dairələrinə uyğun disputlar, müzakirələr təşkil edilir.
3.2. Qrup beşgünlük iş həftəsi ilə fəaliyyət göstərir, onun iş rejimi məktəbin direktorunun əmri ilə təsdiq edilir.
3.3. Məktəbin direktoru qrup üçün lazımi şərait yaradılmasına və qrupda təlim-tərbiyə işinin ümumi təşkilinə, uşaqların sağlamlığı və onların təhlükəsizliyinə məsuliyyət daşıyır.
3.4. Məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini tərbiyəçilər ilə metodiki işi təşkil edir, şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsinə, istirahətinə və qrupda nəzərdə tutulmuş sənədləşmə işlərinin aparılmasına rəhbərlik və nəzarət edir.
3.5. Tərbiyəçi:
3.5.1. qrupda şagirdlərin tədris tapşırıqlarını yerinə yetirməsinə istiqamət verir;
3.5.2. hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alaraq dərsdənkənar və asudə vaxtlarını tənzimləyir;
3.5.3. şagirdlərin qrupda olduğu müddətdə davamiyyətinə, onların təhlükəsizliyinə və sağlamlıqlarına məsuliyyət daşıyır;
3.5.4. qrupun jurnalını və nəzərdə tutulmuş digər sənədləşmələri müntəzəm aparır;
3.5.5. təsdiq edilmiş iş rejiminə uyğun digər tədbirləri həyata keçirir.
3.6. Şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət və dəstək vermək, onların texniki yaradıcılığını, estetik və fiziki tərbiyəsini həyata keçirmək məqsədi ilə məktəbin direktorunun əmri ilə qrupun işinin təşkilinə məktəbin digər mütəxəssisləri (uşaq birliyinin rəhbəri, psixoloq, dərnək rəhbərləri) cəlb edilə bilərlər.
3.7. Qrupda şagirdlərin hərəkət aktivliyi (gəzinti, hərəkətli və idman oyunları) təmin edilir. Əlverişli hava şəraitində açıq havada gəzintinin və məşğələlərin müddəti ən azı 1 saat təşkil edir.
3.8. Qrupun şagirdləri məktəbin emalatxanasından, kitabxanasından, idman və akt zallarından, digər tədris otaqlarından istifadə edə bilərlər.
3.9. Qrupun şagirdlərinə tibbi xidmət məktəbdəki tibbi xidmət işçiləri tərəfindən göstərilir.