İdarəetmə / Direktor / Metodika / Ümumi

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında qərar

  • Admin
  • 30-apr-2024, 17:48
  • 59 Baxış


“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları” təsdiq edilsin (əlavə olunur).

Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları

 

1.                  Ümumi müddəalar

 

1.1. Bu Meyarlar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 12.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir.

1.2. Ümumi təhsil müəssisəsinin Meyarları Qanunun 12.14-cü maddəsinə uyğun olaraq ümumi təhsil müəssisəsinin növünün müəyyən edilməsi və bir növdən digərinə keçirilməsi barədə qərar qəbul edilən zaman nəzərə alınan tələblərdir.

1.3. Bu Meyarlar əsasında ümumi təhsil müəssisələri qanunla müəyyən edilən aşağıdakı ümumi təhsil müəssisələrinin növlərinə aid edilir:

1.3.1.           ibtidai ümumtəhsil məktəbi;

1.3.2.           ümumi orta ümumtəhsil məktəbi;

1.3.3.           tam orta ümumtəhsil məktəbi;

1.3.4.           lisey;

1.3.5.           gimnaziya;

1.3.6. ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

1.3.7. internat tipli lisey;

1.3.8. internat tipli gimnaziya;

1.3.9. inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

1.3.10. inteqrasiya təlimli ümumtəhsil məktəbi;

1.3.11. xüsusi ümumtəhsil məktəbi;

1.3.12. internat tipli xüsusi ümumtəhsil məktəbi;

1.3.13. internat tipli sanator ümumtəhsil məktəbi.

1.4. Bu Meyarlar müəyyən edilərkən, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.

1.5. Ümumi təhsil müəssisələrinin tikintisinə və maddi-texniki təchizatına dair normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə müəyyənləşdirilir.

1.6. Bu Meyarlarda istifadə olunan anlayışlar Qanunda verilən mənaları ifadə edir.

 

2.                  İbtidai ümumtəhsil məktəbi üzrə meyarlar

 

2.1. İbtidai ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

2.1.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsini əhatə etməsi;

2.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

2.1.3. məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi;

2.1.4. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

3.                  Ümumi orta ümumtəhsil məktəbi üzrə meyarlar

 

3.1. Ümumi orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

3.1.1. ümumi təhsilin ibtidai və ümumi orta təhsil səviyyələrini əhatə etməsi;

3.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

3.1.3. məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi;

3.1.4. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

4.                  Tam orta ümumtəhsil məktəbi üzrə meyarlar

 

4.1. Tam orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

4.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

4.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

4.1.3. tam orta təhsil səviyyəsində təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) tədrisin təşkil edilməsi;

4.1.4. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

5.                  Lisey üzrə meyarlar

 

5.1. Lisey üzrə meyarlar aşağıdakılardır:

5.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

5.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

5.1.3. müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

5.1.4. istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;

5.1.5. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;

5.1.6. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

5.1.7. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

5.1.8. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

6.                  Gimnaziya üzrə meyarlar

 

6.1. Gimnaziya üzrə meyarlar aşağıdakılardır:

6.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü gimnaziyalar istisna olmaqla);

6.1.2. incəsənət və idman-şahmat yönümlü gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

6.1.3. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

6.1.4. müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

6.1.5. əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək gimnaziyaya qəbul edilməsi;

6.1.6. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;

6.1.7. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

6.1.8. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

6.1.9. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

 

7.                  Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi üzrə meyarlar

 

7.1. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

7.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

7.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

7.1.3. təhsilalanların məktəbə qəbul tarixinə aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə etməsi:

7.1.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;

7.1.3.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

7.1.3.3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:

7.1.3.3.1. orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

7.1.3.3.2. işsiz kimi qeydiyyatda olanlar;

7.1.3. 7.1.3.3.3. əmək pensiyası yaşına çatanlar;

7.1.5. müvafiq maddi-tədris baza və kadr potensialı olduqda, təmayüllü siniflərin təşkil edilməsi;

7.1.7. şagirdlərin tam dövlət təminatında saxlanılması;

7.1.8. ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

7.1.9. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.

 

7-1. İnternat tipli lisey üzrə meyarlar

 

7-1.1. İnternat tipli lisey üzrə meyarlar aşağıdakılardır:

7-1.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

7-1.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

7-1.1.3. müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

7-1.1.4. istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək internat tipli liseyə qəbul edilməsi;

7-1.1.5. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli liseyə müsabiqə-dənkənar qəbul edilməsi;

7-1.1.6. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

7-1.1.7. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

7-1.1.8. şagirdlərin yataqxana və yeməklə təmin olunması.

 

7-2. İnternat tipli gimnaziya üzrə meyarlar

 

7-2.1. İnternat tipli gimnaziya üzrə meyarlar aşağıdakılardır:

7-2.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalar istisna olmaqla);

7-2.1.2. incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

7-2.1.3. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

7-2.1.4. müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

7-2.1.5. əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək qəbul edilməsi;

7-2.1.6. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;

7-2.1.7. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

7-2.1.8. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

7-2.1.9. şagirdlərin yataqxana və yeməklə təmin olunması.

 

 

8.                  İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi üzrə meyarlar

 

8.1. İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

8.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

8.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili (sağlamlıq imkanları məhdud şəxslərin tədrisi istisna olmaqla);

8.1.3. sağlamlıq imkanları məhdud uşaqların (xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar) sağlam şəxslərlə birgə təhsil almaları;

8.1.4. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi;

8.1.5. sağlamlıq imkanları məhdud şəxslərin sayının məktəbinin ümumi kontingentinin 20 faizindən çox olmaması;

8.1.6. sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən məktəbinə qəbulu;

8.1.7. məktəbində sağlamlıq imkanları məhdud şəxslərin təhsil almaları üçün xüsusi təhsil bölməsinin olması;

8.1.8. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi və loqopedik xidmətin təşkil olunması;

8.1.9. şagirdlərin tam dövlət təminatında saxlanılması;

8.1.10. təhsilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın tələblərinə uyğun təşkili;

8.1.11. ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

8.1.12. məktəbinin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.

 

9.                  İnteqrasiya təlimli ümumtəhsil məktəbi üzrə meyarlar

 

9.1. İnteqrasiya təlimli ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

9.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

9.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili (sağlamlıq imkanları məhdud şəxslərin tədrisi istisna olmaqla);

9.1.3. sağlamlıq imkanları məhdud uşaqların (xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs) sağlam şəxslərlə birgə təhsil alması;

9.1.4. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisinin təşkil edilməsi;

9.1.5. sağlamlıq imkanları məhdud şəxslərin sayının məktəbinin ümumi kontingentinin 20 faizindən çox olmaması;

9.1.6. sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən məktəbinə qəbulu;

9.1.7. məktəbində sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün xüsusi təhsil bölməsinin olması;

9.1.8. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi və loqopedik xidmətin təşkil olunması;

9.1.9. təhsilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın tələblərinə uyğun təşkili;

9.1.10. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

10.              Xüsusi ümumtəhsil məktəbi üzrə meyarlar

 

10.1. Xüsusi ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

10.1.1. xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlar üçün ümumtəhsil məktəblərin siniflər üzrə aşağıdakı təhsil səviyyələrini əhatə etməsi:

1. dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi, xroniki somatik xəstəlikləri, emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün xüsusi ümumtəhsil məktəblərində ibtidai (I-IV siniflər) və ümumi orta təhsil (V-X) səviyyələrini;

2. əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi ümumtəhsil məktəblərində ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələrini;

3. kor və zəifgörənlər üçün xüsusi ümumtəhsil məktəblərində ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər) və tam orta təhsil (XI-XII siniflər) səviyyələrini;

4. kar şəxslər üçün xüsusi ümumtəhsil məktəbində ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələrini;

5. zəifeşidən və sonradan karlaşmış şəxslər üçün xüsusi ümumtəhsil məktəblərində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), tam orta (XI-XIII siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XII siniflər) təhsil səviyyələrini;

6. nitqi qüsurlu şəxslər üçün xüsusi ümumtəhsil məktəblərində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri;

7. ağır çatışmazlığı olanlar, o cümlədən kar-kor şəxslər üçün xüsusi ümumtəhsil məktəblərində ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələrini;

10.1.2. ümumtəhsil məktəbində sağlamlıq imkanları məhdud olan şəxslərin sayının 100 nəfərdən az olmaması;

10.1.3. xüsusi ümumtəhsil məktəblərində uşaqların qəbulunun və yerdəyişməsinin psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında aparılması; 

10.1.4. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi;

10.1.5. əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün fərdi inkişaf planlarının tətbiqi;

10.1.6. əqli cəhətdən zəif inkişaf etmiş şəxslərin əmək təliminə oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb edilməsi;

10.1.7. şagirdlərin tam dövlət təminatında saxlanılması;

10.1.8. ştat sayının Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

10.1.9. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkili.

 

11.              İnternat tipli xüsusi ümumtəhsil məktəbi üzrə meyarlar

 

11.1. İnternat tipli xüsusi ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

11.1.1. xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin siniflər üzrə aşağıdakı təhsil səviyyələrini əhatə etməsi:

1. poliomelit və beyin iflici qalığı, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi, xroniki somatik xəstəlikləri, emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində ibtidai (I-IV siniflər) və ümumi orta təhsil (V-X) səviyyələrini;

2. əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəbində ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələrini;

3. kor və zəifgörənlər üçün internat tipli xüsusi ümumtəhsil məktəbində ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər) və tam orta təhsil (XI-XII siniflər) səviyyələrini;

4. kar şəxslər üçün internat tipli xüsusi ümumtəhsil məktəbində ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələrini;

5. zəifeşidən və sonradan karlaşmış şəxslər üçün internat tipli xüsusi ümumtəhsil məktəbində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), tam orta (XI-XIII siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XII siniflər) təhsil səviyyələrini;

6. nitqi qüsurlu şəxslər üçün internat tipli xüsusi ümumtəhsil məktəbində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri;

7. ağır çatışmazlığı olanlar, o cümlədən internat tipli xüsusi ümumtəhsil məktəbində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələri;

11.1.2. internat tipli xüsusi ümumtəhsil məktəblərinə sağlamlıq imkanları məhdud uşaqların qəbulunun və yerdəyişməsinin yerlərdə fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında aparılması;

11.1.3. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi;

11.1.4. əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün fərdi inkişaf planlarının tətbiqi;

11.1.5. əqli cəhətdən zəif inkişaf etmiş uşaqların əmək təliminə oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb edilməsi;

11.1.6. şagirdlərin tam dövlət təminatında saxlanılması;

11.1.7. ştat sayının Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

11.1.8. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkili.

 

 

14. İnternat tipli sanator ümumtəhsil məktəbi

 

14.1. İnternat tipli sanator ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

14.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

14.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

14.1.3. qan-damar sistemində (revmatizm), tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəlikləri olan, vərəmin ilkin, sönməkdə olan formalarına tutulan və sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi;

14.1.4. məktəbə şagirdlərin uşaq poliklinikalarının nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunması;

14.1.5. şagirdlərin tam dövlət təminatında saxlanılması;

14.1.6. ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

14.1.7. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?