Valideyin

Sinifdə qalmaq qorxusu-Bu hansı hallarda mümkündür?

  • Admin
  • 07-mar-2024, 10:18
  • 25 Baxış


 

"Mən uşaqların əsas motivləşdirici kimi qorxu altında təhsil almasını böyük səhv sayıram: aşağı qiymət almaq qorxusu, sinifdə qalmaq qorxusu və s. Təhsil məsələsində qorxu faktoru maraqlandırmaqla müqayisədə nüvə bombası ilə taraqqa kimidir". (amerikalı kinorejissor Stenli Kubrik)
Valideynləri narahat edən problemlərdən biri də övladlarının sinifdə qala bilməsidir. Özündən yaşda kiçik olan şagirdlərlə bir parta arxasında oturmaq xofu şagirdləri narahat etdiyi kimi, valideynlərdə də bir çox narahatlıqlar yaradır.
Belə ki, ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Bunu Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin ənənəvi mətbuat konfransında deyib. Ceyhun Bayramov qeyd edib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var: "Meyarlara əsasən orta ümumtəhsil məktəblərində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".
Azərbaycanda 1 milyondan çox şagirdin təhsil aldığını deyən nazir qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyib, yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak etməyiblər.
 Təhsil eksperti Nadir İsrafilov bildirib ki, məsələyə iki mövqedən yanaşıla bilər: "Birincisi ümumi təhsil müəssisələrində ümumilikdə milyon yarımdan artıq şagirdin təhsil alması və onların təlim-tərbiyəsi ilə 150 mindən artıq müəllimin məşğul olmasını, şagirdlərin heç də hamısının eyni səviyyəyə, müəllimlərin də eyni hazırlığa malik olmaması nəzərə alınarsa 4000 şagirdin təkrar sinifdə qalması elə də böyük rəqəm deyil.
Digər tərəfdən təhsil qanunvericiliyimizə əsasən təhsilin əsas məqsədi sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir".
Ekspert qeyd edib ki, ümumtəhsil məktəbində təhsilalanların əsas vəzifəsi dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, təhsilverənlərin vəzifəsi təhsil proqramlarının mənimsənilməsini təmin etməkdir: "Mövcud qaydalara əsasın dörd və daha artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdləri isə istisna hallarda - uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər. Deməli, təkrar sinifdə saxlanılanlar əsasən təhsilin ümumi orta və tam orta pilləsinə aid olan uşaqlardır.
Məsələ ondadır ki, sinifdə saxlama heç bir müsbət nəticə vermirsə, onu növbəti sinfə adlatmaq da şagirdin məsuliyyətini daha da azaldır - onda "oxusam da, oxumasam da, onsuz da növbəti sinfə keçirəcəklər" düşüncəsi yaradır. Buna görə də məsələyə fərqli yanaşma formalaşmalı, yeni forma və metodlar tətbiq edilməlidir. Düzdür, məktəblərdə zəif oxuyan, ayrı-ayrı fənlərdən yetirməyən şagirdlər üçün əlavə məşğələlər, fərdi saatlar təşkil etmək imkanları var. Lakin müəllimlərimiz zəif oxuyanlarla deyil, əsasən yaxşı oxuyanlarla əlavə məşğul olmağa, yəni repetitor fəaliyyəti ilə məşğul olmağa daha çox üstünlük verirlər, çünki, bu sahədə onların maddi maraqları təmin olunur".
Onun sözlərinə görə, bir sıra ölkələrdə olduğu kimi zəif oxuyanlar, proqram materialını yerinə yetirməyən şagirdlərlə əlavə məşğul olma saatlarının ödənişli olması problemi müəyyən qədər aradan qaldıra bilər. Əks təqdirdə zəif şagird "istehsal edən" müəllimlərə qarşı tələbkarlıq gücləndirilməlidir, necə ki, zay məhsul istehsal edən müəssisələrə müəyyən sanksiyalar tətbiq olunur.
 
Təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəblərdə məktəbdaxili qiymətləndirmədə irəliləyişlər var: "Bir və üç fəndən illik "kafi" qiymət alan V, VIII və X sinif şagirdlərinə həmin fənlərdən yay tapşırıqları verilir. Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə imtahan verdiyi halda o, sinifdə saxlanılmayıb, növbəti tədris pilləsinə qəbul oluna bilər. Əgər gənc yay tədris tapşırığından yenidən qeyri-kafi qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir.
Rəsmi qaydalara əsasən, əgər şagird ikinci yarımildə bu və ya digər fəndən "qeyri-kafi" qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz. Məsələn, əgər şagird birinci yarımildə "yaxşı", ikinci yarımildə isə "qeyri-kafi" qiymət alarsa, onun nəticəsi müsbət qiymət çıxarılmayacaq.
Amma qeyd etmək istəyirəm ki, özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir. Məsələn, obyektiv səbəbdən və sağlamlıq imkanları məhdud olan (fiziki qüsurlu) şagirdlərin müəyyən fənlərdən sinifdən-sinfə keçməsinə əlavə şərait yaradılır".
Kamran Əsədov qeyd edib ki, hazırda ölkə üzrə 1.5 milyon şagird təhsil alır: "1-ci sinfə isə 165 min şagird qəbul olub. İbtidai siniflərdə şagirdlərin sinifdə qalmasına yol verilmir. Sinifdə qalma əsasən 4-cü sinifdən 5-ci sinfə keçəndə, 9-cu sinifdən 10-cu sinfə keçəndə qeydə alınır. Şagirdin sinifdə qalması təhsilin keyfiyyət göstəricisidir. Bu rəqəm dolayısı ilə təhsilin keyfiyyətində çatışmazlıqların olduğundan xəbər verir".
Onun sözlərinə görə, ölkədə 4 min müəllim və 4 min direktor öz vəzifə borcunu yerinə yetirməyib: "Qanunvericik aktlarına görə təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan şagird, vətəndaş yetişdirməkdir. Belə çıxır azı 4000 məktəbdə (ölkədə 4447 məktəb var) bu öhdəlik yerinə yetirilməyib. Digər qanunvericilik aktlarına görə müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edir. Deməli azı 4 min müəllim (ölkədə 150 min müəllim var) öz vəzifə borcunu yerinə yetirməyib. Başqa bir qanunvericilik aktına əsasən məktəb direktoru rəhbərlik etidiyi məktəbdə sağlam təhsil mühiti qurmalı, təhsilalan və təhsil verənin keyfiyyətinə nəzarət etməli, məsuliyyət daşımalıdır. Belə çıxır ki, 4 min direktor da öz növbəsində vəzifəsinin icrasını təmin etməyib".
Ekspert təhsilin keyfiyyətinə nəzarətin olmadığını bildirib: "Təhsil haqqında qanuna əsasən Təhsil nazirliyi təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmalı, keyfiyyətə nəzarət etməlidir. Amma Təhsil nazirliyi orta məktəblərdə keyfiyyətin ölçülməsi üçün heç bir addım atmayıb. Və ən vacibi, keyfiyyətsiz təhsilə görə sərf olunan vəsait geri ödənməli, buna yol verənlər cəzalanmalıdır. Hanı 4 min cəzalanan? Bu cəzalananlar təkcə orta məktəb sistemində yox, eyni zamanda nazirliyin strukturunda da olmalı idi. Amma biz bunu görmürük. Ümid edirəm ki, bu 4 min şagird şagirdlərin sinifdən- sinifə keçmə qaydalarına uyğun olaraq sinifdə saxlanılıb. Yoxsa məktəb direktorunun, sinif müəlliminin istəyinə uyğun olaraq, hansısa şagirdin cəzalandırılması üçün edilməyib. Nəzərə alsaq ki, ölkədə 1.5 milyon şagird təhsil alır, onlar arasında 4 min uşağın sinifdə qalması dərs yükü ilə əlaqədər ola bilməz. Burda məsələ təhsilin keyfiyyətinə nəzarətin olunmamasıdır. Vaxtaşarı monitorinqlər həyata keçirilsə, nəzarət mexanizmi ciddiləşsə bu problem aradan qalxar".
Olaylar.az

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?