Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!
- Admin
- 10-mar-2024, 22:41
- 0 Baxış
Genetik modifikasiyaya məruz qalmış məhsullar dözümlü olduğu və "keyfiyyəti"ni uzun müddət qoruduğu üçün onların alğı-satqısı sahibkarlara daha cəlbedici görünür. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur.
GMO – Genetik Modifikasiyaya uğramış Orqanizm deməkdir. Burada həm bitkilər, həm də canlılar obyekt qismində istifadə edilir. Beləliklə, hansısa bir orqanizmin genetik koduna yad orqanizmin genləri əlavə edilir.
Misal üçün, söhbət geni dəyişdirilmiş yulafdan gedirsə, bu o deməkdir ki, onun genetik koduna tərkibində olmayan vitaminlərin, fermentlərin genləri daxil edilib. Bunun nəticəsində yulafın məhsuldarlığı dəfələrlə artır. Geni dəyişdirilmiş məhsulları heç bir həşərat zədələmir.
Ana südündən uşaqların kəsilməsi və süni qidalarla qidalandırılması bəşəriyyətdə valideynlərin uşaqlarına qarşı etdikləri ən böyük zərbədir. Belə ki, indi süni qidaların əksəriyyəti genetik motifikasiyaya məruz qalmış heyvanlardan hazırlanır. O heyvanlar ki, bir sutka ərzində 80-100 litrə qədər süd verir. Onlar artıq bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmir, bəzi infeksiyalara tutulur və müəyyən müddətdən sonra ətləri istifadəyə yararsız hesab olunur. Valideynlər isə maarifsiz olduqları üçün bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər.
Genetik motifikasya olunmuş süd məhsulları uşaqların əqli inkişafının formalaşmasına çox ciddi təsir edir. Belə uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik halları müşahidə olunur. Onların daxili orqanları, xüsusilə dalağı və qaraciyəri ana südü ilə qidalanan uşaqlara nisbətdə böyük olur. Bu halda analar problemin səbəbini axtarmaq üçün xəstəxanalara üz tuturlar. Halbuki əsl səbəb uşaqlarına yedirtdikləri süni qidalardır.
Aztəhsil.com xəbər verir ki, respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Metbuat.az-a bildirib ki, uşaqlar üçün ən ideal qida ana südüdür:
"Həmin süni qidalar inək südünün bazasında hazırlanan qidalardır. Təbiətin belə bir qanunu var ki, canlının hasil etdiyi qida onun maksimum özü üçün spesifik və maksimum adekvatdır. Bu o deməkdir ki, inəyin südünü insanın balasına vermək olmaz. Biologiyada buna bioloji fəlakət deyirlər. Bunlar sübuta ehtiyacı olmayan aksiomlardır. Amma təəssüflər olsun ki, insanlar özləri-özlərinə problem yaradırlar. Ona görə ki, təbiətin qanunlarını pozurlar".
N.Quliyev deyib ki, uşaq qidalarının satışı ilə məşğul olan distribütorlar pediatrlarla əməkdaşlıq edirlər:
"Əgər pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həmin həkimin savadının aşağı olmasını göstərir. Uşağı müayinə edən pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı, əlavə qidalara az-az başlamaq lazımdır. Bu qidalar isə yumurta sarısı, mannı, yulaf və digər sıyıqlar ola bilər. Daha yaxşı olardı ki, bu qidalar da mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidalar olsun. Ağıllı analar uşaqlarına konservantlarla konserviləşdirilib uzun müddətli istifadəyə yararı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər".
İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev isə mütəmadi olaraq istehlak bazarında nəzarət tədbirlərinin həyata keçirildiyini bildirdi.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə uşaq qidaları ilə bağlı istehlakçılara öz tövsiyələrini verib. Bildirilib ki, uşaq qidası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yolverilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməlidir:
"Süni qida məhsullarının üzərində ana südünün üstünlüyü, yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi, qidanın düzgün hazırlanması və saxlanması, yararlılıq müddəti, mənşəyi, istehsalçının adı və ünvanı, enerji dəyəri, tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi, hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeydlər olmalıdır. Normal qidalanma üçün bütün bu qruplara daxil olan məhsulların rasional şəkildə istifadə olunması gərəkdir. Uşaq qidasının düzgün seçilməsi ilə yanaşı, düzgün istifadəsi də sağlamlıq və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir".
Qurumdan o da bildirildi ki, uşaq qidası alarkən istehlakçılar yararlılıq müddəti, keyfiyyət sertifikatı və qablaşmanın bütövlüyünə, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli və qidanın təlimatı ilə tanış olmalıdırlar:
"Uşaq qidaları təmiz, quru, yaxşı ventilyasiya olunan yerdə müvafiq temperatur rejimində və müddətlərdə saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz halında olan uşaq qidaları nəm çəkir ki, bu da sonradan onun yararlığına mənfi təsir göstərir”.
Bəs, hazırda da ölkəmizdə GMO məhsullardan hazırlanmış uşaq qidalarına rast gəlinirmi? Sualımıza cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O, bu mövzuyla əlaqəli bizə belə danışdı:
"Uşaq qidaları ölkədə nəzarətdə olsa da, GMO tərkibli məhsulların olub-olmamasını müəyyən etmək çox çətindir. Çünki bizdə uşaq qidaları ilə bağlı mükəmməl ekspertiza laboratoriyası yoxdur. Lakin bəzi uşaq qidalarının tərkibində soya komponentinin olduğu göstərilir. Soya bitkisi yer üzərində 98% GMO-ya uğramış bitkidir. Uşaq qidaları ana südü ilə alternativ variant olduğu üçün ehtiyatlı olmaq lazımdır. Azərbaycan körpənin ana südü ilə qidalanmasında xarici ölkələrə nisbətən geri qalır. Bu gün analar daha çox süni qidalara üstünlük verirlər. Baxmayaraq ki, hələ 10 il bundan qabaq körpə qidaları haqqında Qanun qəbul edilib. Biz bunun üçün çox narahatıq”.
Süni uşaq qidaları təhlükəlidirsə, analar nə etməlidirlər? Ana südünün alternativi nədir? Bu suallara cavab tapmaq üçün pediatr Cəmilə Dadaşova ilə əlaqə saxladıq:
"Ən əvvəl çalışmaq lazımdır ki, ananın südü olsun. Yox, əgər yoxdursa, mən heç bir uşaq yeməyini məsləhət etmirəm ki, reklam üçün bu yaxşıdı, ya o pisdir. Bütün uşaq yeməkləri eyni tərkibdədir. Ancaq keçmişdən analar inək südü və keçi südündən istifadə ediblər. Keçi südünün tərkibi daha çox ana südünə yaxındır. Ancaq inək südü bir az yağlı olduğu üçün ona bir hissə inək südü, iki hissə su qatılırdı. Bir də diqqət edilməlidir ki, 6 ay uşağa bir inəyin südü verilsin. Çünki fərqli-fərqli südlər uşağın bağırsağını poza bilər”.