Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə
- Admin
- 10-mar-2024, 22:53
- 0 Baxış
Qız uşaqları analarının paltarlarını geyinib, dodaq və ya dırnaq boyası çəkir, ayaqqabılarını geyinir, oğlanlar isə ataları kimi görünmək üçün təraş olmaq istəyir, yaxud saçlarına jele sürtür.
Psixoloqların fikrincə, uşaqlarda modelləşdirmə və təqlid qabiliyyəti 1 yaşdan inkişaf etməyə başlayır.
Aztəhsil.com mütəxəssislərin bu barədə fikirlərini təqdim edir.
Uşağın təqlid etməsi təhsil müddətində böyük əhəmiyyət daşıyır. Çünki uşaq təqlid yolu ilə ictimai bacarıqlar olmaqla, dil və bir çox yeni bacarıqlar da öyrənir. Bu halda uşaq yeni öyrəndiyi məlumatı müşahidə edir, sonra təqlid edir və təcürbədən keçirir:
"Uşaqlarda modelləşdirmə və təqlid etmə bacarığı 1 yaş ərəfəsində inkişaf edir. 1 yaş uşaq üçün eyni zamanda yerimə və danışma kimi bir çox əhəmiyyətli bacarığın da inkişafa başladığı dövrdür. 3-11 yaş arasında isə ətrafdan aldıqları qaynaqlar vasitəsilə şəxsiyyətləri formalaşır".
Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir. Qızlarda ana kimi hündürdaban ayaqqabı geyinmək, makiyaj etmək, dırnaq boyası çəkmək, oğlanlarda isə ata kimi danışmaq, təraş olmaq, ətir vurmaq, jele sürtmək onlar üçün olduqca əhəmiyyətlidir:
"Ümumiyyətlə, qız uşaqları 4 yaş ərəfəsində ataları ilə yaxınlaşır. Atanın onu bəyənməsi və sevməsi üçün anası kimi geyinib bəzənməyə, makiyaj etməyə çalışır. Oğlan uşaqlarında da bənzər davranışlar müşahidə edilir. Məsələn, anasına özünü bəyəndirə bilmək üçün atasının ətrini vurur, saçına jele sürtür və ya təraş olmağa çalışır".
Uşaq təqlid edərək ana-atayla bağ qurmağa çalışır.
Ana-atanı təqlid etmək, uşağın onları modelləşdirməyə başladığının göstəricisidir. İşdən qayıdan atasını təqlid edən oğlan və anası kimi evi təmizləməyə çalışan qız uşağı da buna nümunədir:
"Uşaqlar təqlid edərək gördüklərini əks etdirməyə çalışmır, ana-atasıyla arasında bağ qurmağa və özünün varlığını sübut etməyə səy göstərir. Uşağın cinsiyyəti qız və ya oğlan olmasından asılı olmayaraq, ailəsinin bəzi xüsusiyyətlərini öyrənmək və öz tərzini yaratmaq istəyir. Uşaqların inkişaf dövrlərində ana və atayla qurduğu əlaqə, irəliləyən zamanlarda ilk aylardakına nisbətən daha da inkişaf edir və qüvvətlənir. Ana və atasını modelləşdirən və təqlid edən uşaqların onlarla qurduğu bağ da güclənir. Böyüklərin davranışlarını təqlid edərək tətbiq edən uşaq bu bacarıqların öhdəsindən gəldiyini bildikdə, mənlik qəbulunun inkişafı daha asan ola bilər".
Uşağınıza oyuncaq kosmetik vəsitələr ala bilərsiniz.
Mütəxəssislər uşaqların valideynlərini modelləşdirmə və təqlid etmə davranışlarını təkmilləşdirməyi məsləhət görürlər. Uşağa onu olduğu kimi sevdiyinizi və qəbul etdiyinizi bildirməyiniz uşağın özünəinamını təmin edəcək:
"Hər bir qız uşaq anasına, oğlanlar atasına bənzəmək istər. Bu hallar valideynlər tərəfindən təbii qarşılanmalı, cəzalandırıcı tədbirlər görülməməlidir. Əgər uşağınız təraş olmaq, makiyaj etmək istəyirsə, ona oyuncaq makiyaj, təraş vasitələri alın. Hətta ana-ata öz əşyalarını uşağa göstərərək, bunların böyüklər üçün olduğunu, onun da öz oyuncaq vasitələrini istifadə etməsini yumşaq dillə söyləməlidir. Burada əhəmiyyətli olan uşağın yaşına uyğun olmayan davranışlarının müsbət təriflərlə və ya mənfi reaksiyalarla bəlli edilməməsidir".
Ana və atalar davranışlarıyla uşaqlarına model olmalıdırlar. Uşağın yaxşı şəxsiyyət kimi formalaşması valideynlərin ona doğru şəkildə davranmasıyla əlaqəlidir. Unutmayın ki, uşaq valideynlərini çox erkən yaşlarda müşahidə etməyə başlayır:
"Uşaq ana-atanın uyğun davranışını təqlid edirsə, buna müsbət reaksiya verilməlidir. Kiçik bir gülümsəmə belə, kifayət edər. Əgər uşaq uyğun olmayan bir davranış təqlid edirsə, sərt reaksiya verilməməlidir. Bu vəziyyət ona düzgün formada izah edilməli və doğru olan davranışa istiqamətlənməlidir. Uşaqların mühakimə qabiliyyətləri hələ inkişaf etmədiyi üçün bəzi məqamlarda təhlükəli vəziyyətlər yaşana bilər. Məsələn, oğlan uşağı atası hamamda olmayan vaxt təraş alətindən istifadə etmək istəyər. Bu səbəbdən də uşağın təhlükəsizliyinə diqqət edilməlidir. Uşağa sərhəd qoyma mövzusunda da mütənasib olmaq lazımdır. Çünki ana-ataya və özünə istəmədən zərər verə bilər".
Hər uşağın yaşına uyğun formada böyüməsini təmin etmək üçün valideynlər müəyyən dövrlərdə uşaqlarına sərhədlər qoymalıdır. Bu müddətdə uşağa hirslənmək yersiz olar. Əvəzində uşaq bəzi hallarda sərhədlənməli, uşağın idarədən çıxmasına mane olunmalıdır. Uşaq təqlid davranışları etdikdə, valideynlərin həddindən artıq reaksiya verməsi və uşağı danlaması onun cəsarətinin qırılmasına səbəb ola bilər. Bu vəziyyətdə uşağın özünü inkişaf etdirmə istəyi kütləşər və gələcəkdə uşağı passiv bir şəxsiyyətə çevirər.