Valideyin

6 pedaqoji məsləhət - əməksevərlik

  • Admin
  • 10-mar-2024, 23:14
  • 1 Baxış


Uşaqlarda əməksevərlik və çalışqanlıq tərbiyə edin, onları çətinliklərə öyrədin.
Biz hamımız yaxşı bilirik ki, əmək insan həyatında əhəmiyyətli yerlərdən birini tutur. İnsan cinsi yetkinlik yaşına çatanda və ictimai məsuliyyəti daşımağa qabil olanda, o, cəmiyyətin faydalı üzvünə və xeyirxahlıq mənbəyinə çevrilməlidir. O, vaxtını əyləncələrdə, keflə yaşamaqda keçirə bilməz və hətta imkanlı olduğu halda belə, öz dəyərli həyatını boş-boşuna sərf etməyə onun ixtiyarı yoxdur. Digər tərəfdən öz yaxınlarına fayda vermək onun borcudur.
Əməyə məhəbbət uşaqda kiçik yaşlarından tərbiyə olunmalıdır ki, onu əməyə və məqsədyönlü əmək fəaliyyətinə tam şəkildə hazırlamaq mümkün olsun. Əqli və fizki qabiliyyətlərin inkişaf etməməsi uşağı nəticədə istənilən peşə üçün yararsız edir.
Ailə və məktəb birlikdə uşaqları əmək fəaliyyətinə hazırlamağa səy göstərirlər, lakin, təəssüflər olsun ki, çox vaxt bu məsələyə kifayət qədər diqqət yetirilmir. Ona görə də biz bununla əlaqədar bir neçə məsləhətə baxa bilərik:
1. Analar uşaqlara gücləri çatan iş tapşırmalıdırlar. Onlar uşaqların vaxtlarını boş keçirmələrinə və bekarçılıqlarına xeyirxahlıq, bağlılıq və ya rəğbətlə cavab verməməlidirlər, çünki bu mütləq mənfi nəticələrə gətirib çıxaracaqdır. Məsələn, dörd-beş yaşlı balaca uşağın evdə daim vəzifəsi olmalıdır və o, gündəlik ev işlərinə alışdırılmalıdır (əlbəttə, zəruri hallarda ona bu işdə kömək göstərilməlidir). Səhərlər o, tamamilə sərbəst şəkildə öz yatağını yığışdıra, paltar və ayaqqabısını geyinə, başqalarının köməyi olmadan əl-üzünü yuya, özünə çay tökə, nahardan sonra öz qabını yuya bilər. Lakin o bütün bu işləri valideynin və ya tərbiyəçinin nəzarəti altında etməlidir.
Bəzi ölkələrdə böyük uşaq bağçalarında üç-dörd yaşında balaca uşaqların müəllimlərin nəzarəti altında təcrübəsiz əlləri ilə, lakin aşkar sevinc və şövqlə bu və ya digər işi etdiklərinin şahidi ola bilərik. Şübhəsiz ki, uşaqlar yorulmamalı və əmək onlar üçün ağır yükə çevrilməməlidir. Ona görə də iş uşaqlara böyük ehtiyatla tapşırılmalı və onların təlim-tərbiyəsinin bir hissəsi olmalıdır. Əmək fəaliyyəti özlüyündə tərbiyəedici amil olub, əqli və fiziki qabliyyətləri inkişaf etdirir.
Dünyanın qabaqcıl uşaq bağçalarında əmək uşaqların əqli və fiziki inkişafını stimullaşdıran əsas metodlardan biri hesab olunur. Bununla belə valideynlər və müəllimlər uşaqlara iş tapşırarkən, inkişaflarının müxtəlif mərhələlərində onların qabiliyyətlərini nəzərə almalıdırlar.
2. Valideynlər bilməlidirlər ki, uşaqları çətinliklərə alışdırmaqla onları möhkəmləndirir, onların hədsiz himayədarlığa ehtiyacı olmur, onlar sağlam və müxtəlif xəstəliklərə qarşı davamlı böyüyürlər. O ailələrdəki uşaqlara altı-yeddi yaşlarında "əllərini batırmağa” imkan vermirlər, həmin ailələrdə uşaqlar əyləncələr və bekarçılıqlar yolu ilə gedir. Məsələn, nahardan sonra uşaq qabları yumaq və ya hansısa başqa bir işi görmək istəyir, lakin valideynləri onu ev işlərinə yaxın qoymaq istəmirlər. Ana deyir: "Fincana əl vurma, sən onu sındıra bilərsən”. "Bunu etmə təzə paltarını batırarsan”. Ata deyir: "Mən həyatım boyu işləmişəm. İndi mənim bankda kifayət qədər pulum var və sənin bu cür çirkli işi görməyini istəmirəm”.
Bu cür məhəbbət və bağlılıq zərərdən başqa heç nə verə bilməz və gələcəkdə bir mənalı şəkildə uşağı çətinlik və iztirablarla üzləşdirəcəkdir. Fiziki əmək heç də utanc gətirici deyil və uşaqlar öz icbari əməklərinə uşaqlıqdan alışdırılmalıdırlar.
3. Üzgüçülük, gimnastika, uzun piyada gəzintilər, fiziki əmək uşaqları güclü və möhkəm, bir çox çətinlikləri dəf etməyə hazır insan kimi formalaşdırır. Qızlar, əlbəttə istisna təşkil etmir, çünki həyatın çətinlikləri kişilərə nisbətən qadınların çiyninə daha çox düşür.
Uşaqlar erkən yaşlarından ev işlərinə alışdırılmasa, onlar sonradan üzərlərinə düşən məsuliyyət yükünü necə daşıya bilərlər? Ərköyün böyüdülmüş və işləməyə alışmamış gənc qız öz gələcək ailəsində dilxorçuluq və xoşa gəlməz hadisələrin mənbəyinə çevriləcəkdir. Ona görə də uşaqlarda əməyə qarşı məhəbbət və vərdiş tərbiyə olunmalıdır və əmək fəaliyyəti rüsvayçılıq sayılmamalıdır. Burada varlı və kasıb arasında fərq qoyulmamalıdır, bütün uşaqlar özləri etmək qabiliyyətindədirlər və etməlidirlər. Uşaqları fiziki əməkdən uzaqlaşdırmaq, onların yerinə işlərini görmək olmaz.
İlqar Məmmədov .

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?