SİNİF RƏHBƏRİ VƏ MÜƏLLİM ƏMƏKDAŞLIĞI
Sinif rəhbəri məktəb pedaqoji kollektivində özünəməxsus xüsusi mövqeyə və nüfuza malik şəxs sayılır. O, bir tərəfdən ixtisaslı müəllimdir, hansısa fənni tədris edəndir. Başqa sözlə, onun məktəbdə vəzifəsi gənc nəslə öz ixtisası üzrə biliklər vermək, müvafiq bacarıq və vərdişlər aşılamaq,onların dünyagörüşünü genişləndirmək; eyni zamanda şagirdlərin tərbiyəsi qayğısına qalmaq, onların ən yaxşı, nəcib keyfiyyətlərini inkişaf etdirmək, həm də xarakterlərindəki, davranış və rəftarlarındakı, başqalarına, o cümlədən, böyüklərə və həmyaşıdlarına münasibətlərindəki qüsurları aradan qaldırmaqdır.
Sinif müəllimi də, sinif rəhbəri də ayrı-ayrı siniflərdə fəaliyyət göstərsələr də, onların iş xüsusiyyətləri bir-birindən xeyli fərqlənir:
1) Sinif müəllimi yalnız öz sinfində dərs deyir; sinif rəhbəri isə rəhbərlik etdiyi sinifdən əlavə, digər siniflərdə də öz fənnini tədris edə bilir.
2) Sinif rəhbəri yalnız bir fənnin müəllimidir; sinif müəllimi isə öz sinfindəki bütün fənləri tədris edir.
3) Sinif müəllimi sinifdə tədris etdiyi bütün fənlərin mənimsənilməsinə cavabdehdir; sinif rəhbəri isə təmsil etdiyi fənnin tədrisinə məsuliyyət daşıdığı kimi, həm də digər fənlərin tədrisinə cavabdehdir.
4) Sinif müəllimi təlim-tərbiyə işində, dərsdənkənar tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, əsasən, öz qüvvəsinə güvənir; sinif rəhbəri isə dərsdənkənar tədbirlərin hazırlanmasında, icrasında sinifdə dərs deyən müəllimlərin, valideynlərin imkanlarından istifadə edə bilir.
5) Sinif müəllimi hər gün azı dörd saat şagirdlərlə işləyir; sinif rəhbəri isə başlıca olaraq təhkim olunduğu sinifdə öz fənni üzrə dərs zamanı şagirdlərlə təmasda olur, əlavə tədbirlər keçirir, lazım olanda dərsdən sonra da şagirdlərlə tərbiyəvi tədbirlər keçirir.
6) Sinif müəllimi şagirdlərlə əlaqədar yaranan problemi yerindəcə, təxirə salmadan həll etmək imkanına malikdir; sinif rəhbərində isə bəzən belə imkan olmur və problemin həlli üçün vaxt tələb olunur.
"Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi”ndə ümumtəhsil məktəbinin əsas vəzifəsi belə müəyyənləşdirilmişdir: "Fərdin təbii imkanlarını inkişaf etdirmək, ona elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlaşmasına müstəqil, yaradıcı, düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, şüurlu olaraq peşə seçməyə hazırlamaq, Azərbaycan inkişafı naminə fədakarcasına çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir”. Həmin mühüm vəzifələrin həyata keçirilməsində sinif rəhbəri bir müəllim və eyni zamanda müvafiq sinfin rəhbəri kimi böyük rol oynayır.