Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə vardır.
Birinci səviyyə – dövlət orqanı və ya kollektiv tərəfindən seçilmiş məktəb direktoru, məktəb şurasının,
şagird komitəsinin, ictimai təşkilatların rəhbərləri. Bu səviyyə məktəbin inkişafının strateji istiqamətlərini
müəyyən edir.
İkinci səviyyə – məktəb direktorunun müavinləri, məktəbin psixoloqu, sosial pedaqoqu, ictimai faydalı
əməyin təşkili üçün məsul şəxs, inzibati-təsərrüfat işləri üzrə direktorun köməkçisi, həmçinin özünüidarədə
iştirak edən orqanlar və birliklər.
Üçüncü səviyyə – müəllimlər, tərbiyəçilər, sinif rəhbərləri (onlar şagirdlərə və valideynlərə, uşaq
birliklərinə və dərnəklərə münasibətdə idarəetmə funksiyasını yerinə yetirirlər).
Dördüncü səviyyə – şagirdlər, sinif və ümumməktəb şagird özünüidarəsi. Qarşılıqlı təsir obyekti olan
şagird burada eyni zamanda öz inkişafının subyekti kimi çıxış edir.
Yuxarıda göstərilən iyerarxik sxemdən görünür ki, idarəetmənin hər aşağı səviyyəli subyekti yuxarı
səviyyəli idarəetmə üçün idarəetmənin obyektidir.