Təhsil qanunvericiliyi və onun vəzifələri
1. Təhsil qanunvericiliyinə daxildir: həmin Təhsil Qanunu; ona müvafiq olaraq Azərbaycan Respublikasında verilmiş digər təhsil qanunvericiliyi aktları; Azərbaycan Respublikası tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında həmin Təhsil Qanunu əsasında qəbul edilmiş qanunvericilik aktları.
Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilir. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərir.
Təhsil qanunvericiliyini pozanlar qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
2. Təhsil qanunvericiliyinin vəzifələri aşağıdakılardır:
təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən edilməsi;
təhsil sisteminin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat yaradılması;
hüquqi şəxslər və təhsil subyektlərinin hüquq və vəzifələrinin, səlahiyyət və məsuliyyətinin müəyyən olunması;
vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
Azərbaycan Respublikası fasiləsiz təhsil sistemi yaratmaq siyasəti yeridir. Dövlətin təhsil siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
Hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması;
bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər şərait yaradılması;
təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xarakter daşıması;
təhsil müəssisələrinin müstəqilliyinin artırılması; təhsilin humanistləşdirilməsi;
ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafının üstün tutulması;
təhsilin humanitarlaşdırılması; təhsildə milli zəminin və bölgə komponentinin gücləndirilməsi;
təhsilin fərdiləşdirilməsi və differensiallaşdırılması; təhsilin məzmununun inteqrasiya edilməsi;
təhsilin elmi-dünyəvi xarakter daşıması;
elm, istehsalat, xarici ölkələrin təhsil müəssisələri və orqanları ilə sıx əlaqə;
təhsil müəssisələrinin partiyalardan, ictimai-siyasi və dini təşkilatlardan, hərəkatlardan asılı olmaması;
təhsildə azadlıq və plüralizm;
yaradıcılıq;tamlıq; varislik; çeviklik;
təhsilin dünya standartları səviyyəsində olması.