Direktor

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı

  • Admin
  • 14-mar-2024, 13:33
  • 2 Baxış


İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı neçə saat olmalıdır?
a)azı 12 saat;
b)azı 10 saat;
c)azı 8 saat;
d)azı 14 saat;
 
                                                          İş vaxtı və istirahət vaxtı
 
İş vaxtı — müddəti qanunla nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
Qanunvericilik iş vaxtının 3 növünü müəyyən edir.
Birinci növə müəssisədə, idarədə, təşkilatda həftəlik 40 saatlıq iş vaxtını nəzərdə tutan normal iş vaxtı, ikinci növə qısaldılmış iş vaxtı, üçüncü növə natamam iş vaxtı aid edilir. AR ƏM-nin 90-cı maddəsinə müvafiq olaraq, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. 
Bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsi istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilə bilər.
 
Qısaldılmış iş vaxtı — işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək müqaviləsinin şərtləri ilə müəyyən edilə bilər.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz.
Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olduqda, bu vəzifədə çalışan işçilərə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.
Xüsusi xarakterli işlərdə çalışan işçilərə də (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda işləyənlərə və s.) həftə ərzində 36 saatdan çox olmayan iş vaxtı şamil edilir.
 
Natamam iş vaxtı — əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər.
İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik) habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələrilə işəgötürən, natamam iş vaxtı müəyyən etməlidir.
Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin qanunvericiliklə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
 
İş vaxtından artıq iş — işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır.
Bir qayda olaraq, iş vaxtından artıq iş yolverilməzdir.
Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması məqsədilə qanunvericiliyin tələblərinə əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.
Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
Hər bir işçi dalbadal gələn 2 iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər bir vətəndaş istirahət hüququna malikdir.
İstirahət vaxtı dedikdə, təqvim vaxtının o hissəsi başa düşülür ki, həmin müddət ərzində işçi əmək qanunvericiliyinə uyğun olaraq əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməlidir. İşçi həmin vaxtı özünün şəxsi fikri ilə əmək qabiliyyətinin bərpa olunmasına və özünün maraqlarının təmin olunmasına sərf etməlidir.
 
                      İstirahət vaxtı 4 növə bölünür. 
1.   İstirahət və nahar üçün fasilə.
İş günü ərzində işçilərə 2 saatdan artıq olmayan istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilə, adətən işə başlayandan 4 saat sonra verilir və həmin müddət iş vaxtına daxil edilmir. Günlərarası fasilə iş gününün bitməsi və növbəti iş gününün başlaması ilə müəyyən olunur. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.
2. Bazar günləri.
Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində 2 gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.
 
3. Bayram günləri.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda bu bayram günləri iş öhdəlikləri yerinə yetirilmir (Oktyabrın 18-də — Dövlət Müstəqilliyi günü, Noyabrın 12-də — Konstitusiya günü və Noyabrın 17-də — Milli Dirçəliş günləri istisna olmaqla, belə ki, həmin günlər bayram günləri olsa da istirahət günləri deyildir).
Yanvarın 1 və 2 — də — Yeni il;
Yanvarın 20-si — Ümumxalq hüzn günü;
Martın 8-də — Qadınlar günü;
Mayın 9-da — Faşizm üzərində qələbə günü;
Mayın 28-də — Respublika günü;
İyunun 15-də — Azərbaycan xalqının milli qurtuluş günü;
İyunun 26-da — Azərbaycan Respublikası Silahlı Qüvvələr günü;
Oktyabrın 18-də — Dövlət Müstəqilliyi günü;
Noyabrın 12-də — Konstitusiya günü;
Noyabrın 17-də — Milli Dirçəliş günü;
Dekabrın 31-də — Dünya Azərbaycanlılarının Həmrəyliyi günü;
Novruz bayramı – 20-24 mart;
Qurban bayramı — iki gün;
Ramazan bayramı — iki gün bayram edilir. Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
4. Nəhayət, istirahət vaxtının daha bir növü məzuniyyətdir. Bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilir.
İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti;
təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
ödənişsiz məzuniyyət.
Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti ƏM-də nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.
İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, dövlət qulluqçularına, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə, tədris müəssisələrinin metodistlərinə, emalatxana rəhbərlərinə, laborantlara, kitabxanaçılara, dayələrə, bədii rəhbərlərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə, əczaçılara ödənişli əsas məzuniyyət 30 təqdim günü müddətində verilməlidir.
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günü müddətində verilir.
Qanunvericilikdə digər sahə işçilərinin məzuniyyət müddətləri sadalanıb. İşçilərin AR ƏM-si ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?