"Normalda belə olmalıdır və böyük əksəriyyyət də belə edir. Yüksək bal toplayan müəllimlərə daha çox iş saatı verilir. Bu da onun maaşına təsir edir. Yəni ortada neqativ hallar ola bilər, bu, danılmır. Ümumilikdə, prinsip belədir ki, iş bölgüsündə narazılıq olmasın deyə, direktorların əlində diaqnostik qiymətləndirmə nəticələri olur. Məsələn, bir məktəbdə beş tarix müəllimi varsa, onlar arasında ən çox bal toplayana daha çox saat verilir”.
Ekspert deyib ki, hansı bal aralığında toplayana nə qədər saatın müəyyən olunması mexanizmi yoxdur. Bu, direktorun şərti bölgüsüylə aparılır:
"Elə bir düstur yoxdur ki, filan bal topladınsa, bu qədər iş saatı veriləcək. Bu, məktəbdəki fənn müəllimlərinin sayından da asılıdır. Bir az qəliz məsələdir. Amma bu, direktorun öhdəsinə buraxılıb. Diaqnostik qiymətləndirmədən bir dəfə keçilir, təkrar yoxdur. Ola bilər ki, orda az saatı olan müəllim il ərzində hansısa kurslara gedə, özünü təkmilləşdirə bilər. Özünü təkmilləşdirib sertifikat alıb, direktora təqdim etdiyi halda da iş saatı arta bilər”.
İ.Həsənov "Təhsil haqqında” qanuna sertifikasiya məsələsi ilə bağlı edilən əlavəyə də fikrini bildirib. Onun sözlərinə görə, sertifikasiyada hansı qaydaların tətbiq olunacağını heç kim bilmir:
"Cənab nazirin də dediyi kimi, qaydalar hazırlanıb və səhv etmirəmsə, Nazirlər Kabinetinə təqdim olunub. Təsdiq olunandan sonra ictimaiyyətə açıqlanaq. Qaydaların nədən ibarət olduğunu hələ dəqiq deyə bilmirik. Amma müəllimlərin sertifikasiyasına kəskin ehtiyac var. Bu istiqamətdə nazirlik doğru yoldadır. Müəllim peşəsi daim inkişaf tələb edir. Cəmiyyət, dövr dəyişirsə, dəyişikliklərə uyğunlaşmaq lazımdır. Bu baxımdan düzgün istiqamətdir. Amma necə olacağı barədə tam detallı açıqlananda biləcəyik”.