DƏYİRMİ MASA
Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və qrupun şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır.
Yazılı "Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qrupun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim mövzuya aid hansısa bir fikri yazır, sonra şagird öz fikirlərini əlavə edərək vərəqi sol tərəfdəki "qonşusuna” verir. O da öz növbəsində bu fikrə yeni mülahizələr əlavə edir və vərəqi başqasına ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. Bu zahirən bütün şagirdlərin yoldaşlarından geri qalmamaq hissini gücləndirir və müəllimə imkan verir ki, mövzunun hər bir şagird tərəfindən mənimsənilməsini və hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin.
Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı mövzusunun tədrisi zamanı müəllim vatmanda bir söz yazır: "Xəmsə”. Qrupun üzvlərinin hər biri sıra ilə öz əlavələrini edirlər. Şagirdin biri yazır "Beşlik”, digəri "Sirlər xəzinəsi”, o biri "Leyli və məcnun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə qeyd edirlər. Qruplar işlərini bitirdikdən sonra hər qrup öz işini təqdim edir. Hansı qrupun mövzunu nə dərəcədə mənimsəməsi aydın olur. Sonda müəllim ümumi nəticə çıxarır.