Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakını təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir.
Məqsəd:Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tərəflərin arasında keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu seçim yalnız bir şeyə- "bu tərəf məni inandırdı!”- təsdiqinə əsaslanır. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düzgünlüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona həmçinin ,qərarların qəbulu kimi baxmaq olar.
Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola bilərlər:
· mövzunun araşdırılması;
· əsas anlayışlarla iş;
· dəlillərlə iş;
· "çarpaz sualların” hazırlanması;
· natiqlik məharəti;
· hamilik və ya qərarları necə qəbul etməli.
Aiqoritm:
1. Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətndə qaldırılan məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət və ya mənfi cavab verilə bilər) hazırlanmasını tələb edir. "Debatlarda” mövzu sual yox təsdiq formasında ifadə edilir.
2. Rolların müəyyənləşdirilməsi ("A” və "B” spiker komandaları, hakim, "taym-kipper”). Debat iştirakçıları və ya debatçılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi təmsil edən hakimlər qarşısında spiker komandaları ("A” mövqeyi və "B” mövqeyi) arasında keçirilir.
a) Təsdiqedici "A” mövqeyinin spikerləri debatların mövzusunu onun ifadə edildiyi kimi təsdiq edirlər
b) Təkzibedici "B” mövqeyinin spikerləri "A” mövqeyini təkzib etməyə borcludurlar-bu onların başlıca vəzifəsidir. Həm də onlar təkzibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər.
c) Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.
d) Debatlar prosesində çixişların vaxt rejimini təmin edən "taym-kipperlər” iştirak edirlər.
3. Dəlillərin hazırlanması. Arqument (dəlil)- faktlar əsasında çıxarılan nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-spikerlər (cütlər və ya kiçik qruplar) sualın müzakirəsinə başlayır və əvvəlcə müsbət, sonra mənfi cavabları əsaslandıran 4-5 dəlil göstərirlər. Tərəflər öz mövqelərinin müdafıəsi üçün ən güclü arqumentləri toplamalıdırlar. Hər qrupa özlərinin ən yaxşı arqumentlərini müəyyən etmək üçün 7-8 dəqiqə vaxt ayrılır.
Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir:
· arqument irəli sürülür;
· arqument izah edilir;
· arqument sübut edilir;
· nəticə çıxarılır.
Hər iki cavaba dair dəlillərin siyahıları tamamlandıqdan dərhal sonra qrupların hər biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan dəlilləri nəzərdən keçirirlər.
4. Debat və çarpaz suallar. Sonra iştirakçılardan öz mövqelərini müəyyən etmək və iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika (müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər mövqeyin spikerlərinin cavablarından ibarət olan və xüsusi fərqləndirən raunddur. Debatların spikerləri arqumentləri irəli sürərkən, sübut-dəlilləri-onların mövqeyini təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin ekspert rəylərini də təqdim etməlidirlər.
5. Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inandırıcı mövqelərdən çıxış edən komandanı seçir. O yalnız eşitdikləri əsasında nəticə çıxarır və öz seçimini edir. Çox vacibdir ki, o öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin. Verilən sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların mövzusunu nə dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu zaman həm də spikerin alınmış cavabları nə dərəcədə ustalıqla opponentin mövqeyini zəiflətmək və öz mövqeyini gücləndirmək üçün istifadə edə bilməsi qiymətləndirilir.
Şərtlər:
1. Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.
2. Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə riayət olunmalıdır.
· mövzu aktual olmalıdır;
· mövzu maraqlı olmalıdır;
· mövzu "münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi mövcuddursa, bu o deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur;
· mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin;
· mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, "Evtanasiya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırılmalıdır”-dar, "Təhsil rəsmi dövlət dilində olmalıdır” isə geniş mövzudur.
3. Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ünsürlərindən olan sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər.
4. Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların məntiqi, mövzuya, problemə uyğun seçilməsi vacibdir.
Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müxtəlif məlumat mənbələri.
Yarana biləcək problemlər:
· Ünsiyyət ilə bağlı problemlər (bir –birini dinləmək, şəxsi rəqabətin işə təsiri və s.)
· Müzakirənin uzanması,
· Artıq səs-küy, aqressivlik,
· Tolerantlığın olması,
· Mövzudan yayınmaq və yayındırmaq,
· Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
· Kimin qərar çıxarma bacarığının zəifliyi.