Məktəb psixoloqunun kabineti olmalıdırmı ?
- Admin
- 29-mar-2024, 16:51
- 0 Baxış
Çox vaxt belə bir fikir irəli sürülür ki, işləyən psixoloq kabinetsiz də işləyər. Ayrı-ayrı hallarda bununla razılaşmaq olar, məsələn, fərdi müştəri ilə və yaxud onun özünəməxsus mühiti, əhatəsi ilə işləməli olduqda. Lakin, böyük bir təhsil müəssisəsində, uşaqların vaxtlarının çox hissəsinin keçdiyi bir yerdə və bir psixoloqun çoxsaylı şagird kütləsinə xidmət etdiyi bir şəraitdə psixoloqun iş yerinə mühitin bir hissəsi kimi baxılmalıdır. Və bu məkanmı və ya yer mühitin prinsiplərinə cavab verməlidir, başqa sözlə desək, uşaq fəaliyyətinin müxtəlifliyini təmin etməli, həmçinin funksional rahatlıq kriterlərinə də uyğun olmalıdır. Deməli, məkanın seçilməsi məqsədyönlü olmalıdır.
Hər şeydən əvvəl, məktəb psixoloqunun kabineti məktəbin birinci mərtəbəsində olsa, daha məqsədəuyğun hesab edilə bilər. Çünki, psixoloq təkcə şagirdlərlə deyil, valideynlərlə, eləcə də müstəqil müştərilərlə işləyir. Kabinetin 1-ci mərtəbədə olması psixoloqa müraciət edənlərə narahatlığın qarşısını ala bilər.
İkinci önəmli amillərdən biri, psixoloqun otağının ayrıca yerləşməsidir, yəni, yaxşı olar ki, psixoloqun otağına giriş heç bir fənn kabinetinin içindən olmasın, yaxud bu otaq idman ya da musiqi otağı ilə yanaşı olmasın. Çünki, psixoloqun kabineti istər səs, istərsə də ərazi baxımından təcrid olunsa yaxşıdır.
Praktik psixoloqun kabineti üçün 10-12 nəfərin yerləşə biləcəyi 25-30 kvadrat metr olsa, məqsədəmüvafiqdir. Kabinetdə texniki vasitələrdən videomaqnitofon, televizor, musiqi mərkəzi, kompüter, printer, kseroks, videokamera olsa pis olmaz (bu test blanklarının surətinin çıxardılması, kağız, dəftərxana materiallarının alınması və s. bu kimi problemlərlə üzləşən bizim məktəb psixoloqlarının ancaq şirin xəyalları ola bilər).
Metodik material kimi praktik psixoloqun kabinetində psixoloji iş aparmaq üçün materiallar, oyuncaqlar, uşaqların yaşına müvafiq stolüstü oyunlar, müxtəlif materiallardan dəstlər (plastilin, flomaster, rəngli karandaşlar, rənglər, kağız və s.) psixoloqun kitabxanası, şagirdlər, valideynlər, eləcə də müəllimlər üçün paylama materialları olmalıdır.
Sənədlərə gəldikdə isə deyə bilərik ki, psixoloqun kabinetində aşağıdakı sənədlər olmalıdır:
• təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq olunmuş illik fəaliyyət planı
• görülən işlərin qeydiyyatı jurnalı
• iş qrafiki
• psixoprofilaktik, diaqnostik, inkişafetdirici, korreksion, konsultativ və digər iş növlərini əks etdirən metodlar və proqramlar
• müəssisə rəhbəri tərəfindən təsdiq olunmuş bir illik fəaliyyətin təhlili haqqında hesabat və s.
Mebel kimi psixoloqun iş stolu (elə məktəb psixoloqlarımız var ki, onların heç oturmağa yerləri yoxdur), vəsaitlər üçün şkaf, texnika üçün şkaf, uşaqlar üçün iş yeri, jurnal stolu, 2-3 kreslo yaxud divan və 1-2 kreslo, stullar olmalıdır.
Kabinetin tərtibatı və dizaynı üçün əlavə bitkilərdən, akvariumdan istifadə etmək olar. Bu artıq psixoloqun öz yaradıcılığından və zövqündən asılıdır.
İsmayıllı Məktəb Psixoloqları