17 sentyabrda yeni dərs ili başlanır. Məktəb həyatına yeni başlayacaq uşaqların isə bu dönəmdə xüsusi qayğıya ehtiyacları olur. Mütəxəssislər uşağın psixoloji adaptasiyası üçün lazım olan vaxta diqqət çəkir, onun məktəbdə özünü rahat və güvəndə hiss etməsi üçün zamana ehtiyacı olduğunu bildirirlər.
AzTehsil.com xarici mediaya istinadən xəbər verir ki, şagirdin məktəbə tez və ya gec uyğunlaşmasına təsir edən bəzi şərtlər var. Bunlara onun xarakter olaraq yetişməsi, ailədaxili mühit, məktəbəhazırlıq dövrü, məktəb haqqında nə dərəcədə məlumatlı olması və s. aiddir.
Şagirdin dərs mühitinə tez uyğunlaşması onun davamlı olaraq məktəbə getməsi ilə əlaqədardır. Məktəbə davamlı gedən şagirdlər mütəmadi dərs buraxanlarla müqayisədə mühitə daha tez alışırlar. Bu müddət ərzində heç bir problem yaşamadan dönəmi rahatlıqla başa vuran şagirdlərlə bərabər, məktəb fobiyası olan, hətta ilk vaxtlar böyük psixoloji sarsıntı keçirənlər də az deyil.
Ata-ananın uşağı məktəbə yola salarkən hüzurlu üz ifadəsi ilə yanaşması, sözləri ilə ona dəstək verməsi, uşaqda məktəbə güvən hissinin yaranmasına səbəb olur. Valideynin övladından xəbərsiz ayrılması, "Kaş məktəbə daha gec gedəydin” mesajını verən üz ifadəsi onun məktəbə adaptasiya müddətinin də uzadılmasına səbəb olur. Belə uşaqlar ilk dərs günü xoşbəxtliyi zorla əlindən alınmış və güvənsizlik duyğusu ilə aşıb-daşan təsiri bağışlayırlar. Valideynin öz məktəb illərində baş verən hansısa uğursuz hadisəni övladına danışması onda "görəsən məktəbdə başıma nə gələcək?” fikri yaradır.
Şagird məktəb fobiyası yaşayarsa, öncə bunun səbəbini araşdırmalı, onu məktəbə davam etməklə bağlı ürəkləndirmək lazımdır. Valideynlər də uşağa məktəblə bağlı bilgi verərkən öz qayğılarını hiss etdirməməli, məktəbin yeni və əyləncəli şeylər öyrətdiyini, yeni dostlar qazandıran bir ortam olduğunu başa salmalıdırlar.
İlk dərs günündən sonra evdə valideynin şagirdlə nə dərəcədə maraqlı vaxt keçirməsindən də çox şey asılıdır. Məsələn, evə gələn azyaşlını ilk dərs günü münasibətilə təbrik edərək onu hansısa ciddi uğur qazandığına inandırmaq olar. Ona məktəbdə vaxtının necə keçdiyini sərbəst şəkildə izah etməsi üçün şərait yaratmaq lazımdır. Yeni düşdüyü mühitdə özünü daha güvənli hiss edə bilməsi üçün bu günlərdə ona daha çox qayğı göstərmək tələb olunur. Övladını digər şagirdlərlə müqayisə etmək isə valideynlərin ən böyük yanlışıdır.