Valideyin

Dırnaq yeyən, barmaq soran uşaqlar - Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?

  • Admin
  • 01-mar-2024, 17:21
  • 0 Baxış

 

Keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox da bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır.

“Qızımın 2 yaşı var. İməkləyəndən fikir verirəm ki, xalçada, yaxud divanın üstündə tük görəndə ağzına aparır. Düzdür, uşaqlar bir çox əşyalarla belə davranırlar. Amma fikir verirəm ki, bu uşaq daha çox tük görəndə diqqətini çəkir. Nə qədər tərgitdirməyə çalışsaq da, hələ ki faydası olmayıb” - bu sözlər valideyn Ülvi Yaqubluya aiddir. Yəqin ki, hamımız azyaşlı uşaqlarda saçı yolmaq, saçı yemək, barmaq sormaq, dırnaq yemək və s. kimi davranışların olduğunu müşahidə etmişik. Çox vaxt bunlara uşaq vərdişləri deyib keçirik. Amma bəzən qalıcı da olur. Məsələn, Fəridə Quliyevanın övladındakı kimi: “10 yaşında oğlum var. Uşağın dırnaqlarını hər dəfə kəsmək istədikdə görürəm ki, artıq dişləri ilə həll edib. Bu vərdiş övladımda uzun müddətdir var. Hər dəfə danlasaq da, “etmə” desək də, bu davranışından əl çəkə bilmir”.

Sual yaranır: Bizim uşaq vərdişi dediyimiz hallar niyə uşaq böyüdükcə keçib getmir? Ümumiyyətlə, bunlar uşaqlıq vərdişidir, yoxsa problemin göstəricisi?

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Qayğı, sevgi, diqqət görməyəndə

Psixoloq Aygül Məlikova deyir ki, uşaqlarda dırnaq yemək, saç yolmaq kimi zərərli vərdişlərin səbəbi iki faktor ola bilər: “Uşaqların doğulandan iki yaşına qədər olan mərhələlərinə baxmalıyıq. Uşaqlar ailədən yetərincə qayğı, sevgi, diqqət görməyəndə diqqət çəkmək məqsədi ilə bunları edə bilərlər. Yaxud da ailədə normadan çox diqqət, qayğı, sevgi görüb, amma bağçada, məktəbdə öz yaşıdları ilə ünsiyyətdə bunları görmədikdə, o zaman da etmələri mümkündür. Bəzən uşaqlar dırnaqlarını eyni ölçüdə görmək istəyir və qayçı ilə alınmayacağını düşünürlər. Ona görə də dırnaqlarını yeyərək eyni ölçüdə saxlamaq istəyirlər”.

Daim valideynlərə izah edirik ki...

Pediatr Gülnar Abdullayeva bildirir ki, uşaqlarda zərərli vərdişlər hər hansı xəstəliyin göstəricisi deyil, daha çox psixoloji faktorlar nəticəsində meydana gəlir: "Uşaqlar keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır. Uşaq daim ananın, atanın yanında olursa, bağçaya gedəndə və ya valideynlər, xüsusən də ana işə getdikdə, onlardan uzaq qaldığı üçün dırnaq yemək pozğunluqları yaranır və vərdişə çevrilir. Əşyaları dişləmək kiçik yaşlı uşaqlarda rast gəlinə bilən hadisə olub, aqressivlik nəticəsində yarana bilir. Həmişə valideynlərə izah edirik ki, böyüklər bir əşyanın bərk və yumşaq olduğunu öyrənmək üçün ona əli ilə toxunur, amma uşaqlar ağızlarına aparmaqla bunu hiss edir. Bu vərdiş üç ayından əmələ gəlir, on səkkiz aya kimi davam edə bilir. Sonra öz-özünə keçib gedir. Saçı yolmaq, yemək ən çox psixoloji durum nəticəsində əmələ gəlir. Biz bunları aradan qaldırmaq üçün psixoloji dəstək məsləhət görürük”.

Yaranma səbəbindən asılıdır

Aygül Məlikovanın sözlərinə görə, vərdişlərin qalıcı olub-olmamağı, onun yaranma səbəbindən asılıdır: “Əgər travmaları yoxdursa, çox hallarda bu davranışın qalıcı olduğunu müşahidə etmirik. Ağır travma keçiriblərsə, buna bağlı olaraq barmaqlarını sormağa davam edirlərsə, qalıcı ola bilər. Dırnaqlarını yemək gərginlik və obsessiyalara bağlı olduğuna görə, bəzən qalıcı olur”.

Vərdişlərin fəsadları

Psixoloq bildirir ki, zərərli vərdişlər qalıcı olarsa, orqanizmdə müəyyən fəsadlara səbəb ola bilər: “Vərdişlərin hansı fəsadlar verməsinə də diqqət etməliyik. Məsələn, saçı yolmaq, yemək kimi zərərli vərdişlər zamanı tüklər uşaqların mədələrində toplana və sonra mədə spazmasına səbəb ola bilir. Dırnaq yeyən, barmaq soran uşaqların artikular aparatında, xüsusilə də, damaq hissəsində fəsadlara çox rast gəlirik”.

Psixoloq dəstəyi

A.Məlikovanın sözlərinə görə, bu vərdişlər zamanı psixoloji yardım almaq vacibdir: “Qalıcı olmamağı üçün yaxşı olar ki, zamanında düzgün terapiya alsınlar. Saçı yemək, yolmaq və yaxud da əşyaları dişləmək kimi problemlər zamanı, uşaqdırsa, uşaq psixiatrından, yetkindirsə, yetkin psixiatrından məsləhət almağı, müalicə qəbul etməyi vacib hesab edirik. Çünki bəzən yalnız psixoloqun dəstəyi yetərli olmur”. 

Nələri etmək olmaz?

Pediatr deyir ki, valideynlərin bəzi davranışları uşaqları daha da qıcıqlandıra bilər: “Həmin zaman uşağa gülmək, lağ etmək və ya yaxşı bir hərəkət edirmiş kimi alqışlamaq olmaz. Ağızlarına vurmaq, "bir də eləsən dilinə istiot çəkərəm”, “yandıraram”, “olmaz”, “eləmə” demək, şillə vurmaq tövsiyə olunmur. Bunlar, onun bu hərəkətləri artırmasına səbəb olacaq. Bu vərdişləri etdiyi zaman, sadəcə fikrini yayındırmaq, başqa yerə yönəltmək lazımdır”.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?