Sinif rəhbəri sinfə aid sənədləri tərtib edir, gündəliklərin və şagirdlərin şəxsi işlərinin vəziyyətinə nəzarət edir.
Sinif rəhbərinin əsas fəaliyyət sahələri aşağıdakılardır:
Ayrı-ayrı şagirdləri və sinif kollektivini davamlı öyrənmək;
Şagird kollektivini təşkil etmək, vəzifə bölgüsü aparmaq;
Müəllimlərin tərbiyəvi fəaliyyətini tənzim etmək;
Sinifdənxaric tərbiyə işlərini təşkil etmək;
Şagirdlərin biliklərə dərindən yiyələnməsinə nəzarət etmək;
Şagirdlərin əxlaq tərbiyəsi ilə bağlı təcrübə qazanmasına və davranışlarına nəzarət etmək;
Şagirdlərdə davranış mədəniyyətinin tərbiyə edilməsi;
Valideynlərlə iş aparmaq.
Sinif rəhbəri sinif jurnalını səliqəli tərtib edib hazırlayır və həmişə nizami qaydada aparır. O, tədris ilinin əvvəlində müdiriyyətdən sinif jurnalını qəbul edib, onu tələb olunan qaydada səliqə ilə yazıb hazırlayır və onun müəllimlər tərəfindən həmişə səliqəli yazılmasına və aparılmasına nəzarət edir. Sinfin bütün şagirdlərinin gündəliklərinin olması və onun normal aparılması qayğısına qalır və onu təmin edir, hər gün keçirilən fənnlər üzrə hər dərsdə şagirdlərə verilmiş qiymətlərin orada düzgün və səliqəli yazılmasını və aparılmasını, hər həftə gündəliklərin valideynlərə göstərilib imza etdirilməsini isə müəllimlərdən tələb edir və ona nail olur. O, vaxtaşırı şagird gündəliklərini yoxlayıb, qiymətlərin orada düzgün yazılmasına nəzarət edir, hər rübün sonunda şagirdlərin rüblük qiymətlərini gündəliyin axırındakı xüsusi qrafaya köçürür.
Sinif rəhbəri şagirdlərin şəxsi işlərini diqqətlə nəzərdən keçirib normal vəziyyətdə hazırlayır, dərs ilinin sonunda hər şagirdə onun təlim-tərbiyə fəaliyyəti, şagirdlər üçün qaydalara necə riayət etməsi, məsuliyyəti, intizamı, mədəni davranışı və xasiyyəti haqqında xüsusi xarakteristika tərtib edir.
O, tədris rüblərinin sonunda müəllimlərin razılığı ilə şagirdlərin rüblük, ilin axırında isə illik qiymətlərini-təlim müvəffəqiyyətlərini müəyyənləşdirib qiymət cədvəllərinə (sinif jurnalına) köçürüb yazır və bu barədə məktəbin rəhbərliyinə rəsmi məlumat verir.
O, öz sinfində aparacağı təlim-tərbiyə işlərinə aid rüblük və ya yarımillik iş planları yazıb hazırlayır, sinif şagirdləri ilə il ərzində həyata keçirilmiş bütün təlim-tərbiyə işləri barədə dərs ilinin sonunda ətraflı hesabat yazır və məktəb müdiriyyətinə təqdim edir, rəsmi hesabat verir.
Sinif rəhbəri sinfin tərbiyə vəzifələrini müəyyən edir və onları həyata keçirir. Şagirdlərin fərdi xüsusiyyətlərindən asılı olaraq bu vəzifələrin həyata keçirilməsinin vasitə və metodları da müxtəlif ola bilər. Belə ki, bəzi şagirdləri tərifləmək, digərlərinə əmr vermək, başqalarını isə davranış qaydalarını pozduqlarına görə tənbeh etmək lazım gəlir.
Deməli, şagirdləri düzgün tərbiyə etmək üçün onlara fərdi yanaşmağı bacarmaq lazımdır. Fərdi yanaşma isə yalnız şagirdləri dərindən və hərtərəfli bilmək əsasında mümkün ola bilər.
Piralı Əliyev