Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?
- Admin
- 17-mar-2024, 16:02
- 0 Baxış
"Regionlarda mühafizəçi missiyasını məktəbin yaşlı əməkdaşları həyata keçirir”.
Aztəhsil.com xəbər verir ki, bir neçə gün əvvəl Rusiyanın Perm şəhərində iki yeniyetmənin 167 saylı məktəbə soyuq silahla hücumu nəticəsində bir müəllim və 15 şagirdə xəsarət yetirilib.
Rusiyada baş verən bu olay Azərbaycanda fəaliyyət göstərən orta və ali məktəblərin təhlükəsizlik məsələsini yenidən aktuallaşdırıb. Görəsən, övladlarımızı arxayınlıqla məktəblərə göndərə bilərikmi?
Mövzu barəsində danışan təhsil ekspertləri bu sahədə vəziyyətin ürəkaçan olmadığını bildirib.
Onların fikrincə, Azərbaycan məktəblərinin böyük əksəriyyətində təhlükəsizlik məsələsi ciddi problem olaraq qalmaqdadır:
"Azərbaycanda 4500-ə qədər orta məktəb var. Amma dövlət səviyyəsində məktəblərin mühafizə olunması ilə bağlı hər hansı qayda və qanun nəzərdə tutulmayıb. Ona görə də məktəblərin təhlükəsizliyi onların öz daxili imkanları hesabına təmin olunur. Yəni hər hansı bir fond hesabına, yaxud da məktəb əməkdaşları qapıda növbə çəkməklə bu prosesi həyata keçirirlər. Lakin bununla məktəblərin təhlükəsizliyini tam təmin etmək mümkün deyil.
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi hər kəsin yaddaşındadır. Bu fonda həqiqətən də təkcə orta məktəblər deyil, ali məktəblərin təhlükəsizliyinin təmin edilməsində də müəyyən boşluqlar var. Düzdür, ali məktəblərin maliyyə imkanları geniş olduğundan dövlətə müraciət etməklə ərazinin mühafizəsini təşkil edirlər.
Ancaq Bakıdakı 310 məktəbdən yalnız 25-i xüsusi mühafizəçilərlə təmin olunub. Bununla belə, təhlükəli an yaranan zaman onların da üzərində mühafizə etmək imkanına malik heç bir qoruyucu silah olmur. Düzdür, bir neçə məktəbdə qapıda polis dayanır. Lakin bu kütləvi xarakter daşımır ki, Perm şəhərində baş verən olayların bizdə də baş verməsinin qarşısını almaq mümkün olsun.
Regionlarda isə mühafizəçi missiyasını məktəbin yaşlı əməkdaşları həyata keçirir. Hansı ki, onlar da hər hansı bir təhlükəsizliyin təmin edilməsini həyata keçirə bilməzlər. Hətta hər hansı bir cüssəli adam bu mühafizəçiləri asanlıqla zərərsizləşdirə bilər. Belə olan halda görürük ki, konkret olaraq məktəblərimiz mühafizə dəstələrilə təmin olunmayıblar.
Azərbaycanda kifayət sayda polis kontingenti var. Ona görə də onların bir hissəsi məhz dövlət tərəfindən məktəblərin təhlükəsizliyinin təmin edilməsinə təhkim olunmalıdırlar”.