İdarəetmə / Direktor / Metodika / Ümumi

Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydaları

  • Admin
  • 28-apr-2024, 23:49
  • 45 Baxış


Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi

 

QAYDALARI

 

1. Bu Qaydalar Azərbaycan Respublikasında aşağıdakı siyahıda göstərilən büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin (bundan sonra - təhsil müəssisələri) yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi məsələlərini tənzimləyir:

- məktəbəqədər təhsil müəssisələri;

- bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər və gimnaziyalar;

- internat tipli tədris müəssisələri, uşaq evləri;

- xüsusi tədris müəssisələri;

- peşə məktəbləri və peşə litseyləri;

- ali və orta ixtisas təhsili müəssisələri və onların filialları;

- ixtisasartırma və kadrların yenidən hazırlanması kursları, institutları;

- məktəbdənkənar təlim-tərbiyə müəssisələri;

- təhsil sahəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş digər müəssisələr və qurumlar.

2. Təhsil müəssisələrinin, habelə onların strukturuna daxil olan şəbəkə vahidlərinin yaradılması, genişləndirilməsi (ali və orta ixtisas təhsili müəssisələrində fakültə, kafedra, şöbə və bölmələrin yaradılması istisna olmaqla) və yenidən təşkili məsələlərinə tələbata uyğun olaraq müvafiq kadr potensialı, maddi-texniki (binalar, tədris təsərrüfatı, avadanlıqlar, laboratoriyalar və başqa qiymətli maddi-texniki təchizat vasitələri), elmi-metodiki bazaları olduqda və aşağıda qeyd olunan sənədlər təqdim edildikdə baxılır:

- təhsil müəssisəsinin kadr potensialı haqqında məlumat;

- sinif komplektlərinin (qrupların, dərnəklərin) sayı və statistika orqanlarının müvafiq əhali qrupunun sayı barədə arayışı;

- ayrı-ayrı sinif komplektlərində (qruplarda, dərnəklərdə) şagirdlərin sayı;

- təhsil müəssisəsinin yerləşəcəyi binaların (otaqların) sayı, sahəsi, yerləşdiyi ərazi barədə məlumat;

- həmin binanın tədris və təlim-tərbiyə prosesinin həyata keçirilməsi üçün yararlılığı barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, sanitariya-gigiyena normalarına uyğunluğu barədə isə müvafiq səhiyyə orqanlarının arayışları, binanın balansdan balansa verilməsi zərurəti yarandıqda buna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin razılığı.

3. Təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili zərurəti yarandıqda nazirliklər, dövlət komitələri, şirkətləri və konsernləri, baş idarələr və digər dövlət qurumları, yerli icra hakimiyyəti orqanları real vəziyyəti öyrənir, qaldırılan məsələnin Azərbaycan Respublikasının Təhsil Qanununa, təhsil haqqında qəbul olunan standartlara, ölkədə aparılan təhsil islahatı proqramına, respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə uyğunluğunu, eləcə də maliyyə imkanlarını nəzərə almaqla vəsatət qaldırır.

4. Peşə-ixtisas təhsili müəssisələri və büdcənin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən digər təhsil müəssisələri barədə nazirliklər, dövlət komitələri, şirkətləri və konsernləri, baş idarələr və digər təşkilatlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən, Maliyyə Nazirliyindən və Elm və Təhsil Nazirliyindən (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən, Maliyyə Nazirliyindən və Təhsil Nazirliyindən) müvafiq rəy aldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi peşə-ixtisas təhsili müəssisələri barədə müvafiq qərar qəbul edir, büdcənin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən digər təhsil müəssisələri barədə isə razılıq verilməsi və ya verilməməsi məsələsini həll edir.

5. Büdcənin yerli xərclərindən maliyyələşdirilən təhsil müəssisələri barədə isə yerli icra hakimiyyəti orqanları onların şəbəkəsinin inkişafının proqnozlarına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi) və yaxud Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi) ilə razılaşdırılmaqla aidiyyəti nazirlik və təşkilatlar qarşısında vəsatət qaldırır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi) və digər aidiyyəti nazirlik və təşkilatlar yerli icra hakimiyyəti orqanlarının qaldırdığı məsələlərin məqsədəuyğunluğunu araşdırmaqla həmin təklifləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin) müsbət rəyləri olduğu hallarda həmin təhsil müəssisələri barədə müvafiq qərar qəbul edir.

5-1. Bələdiyyə təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası tələbləri nəzərə alınmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

6. Büdcədən maliyyələşən təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili büdcədə bu məqsəd üçün vəsait nəzərdə tutulmaqla həyata keçirilir.

Müvafiq təkliflər növbəti ilin büdcə formalaşdırılandan sonra daxil olarsa, bu məsələyə yalnız təsdiq olunmuş büdcə xərcləri çərçivəsində baxıla bilər.

7. Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin, habelə onların strukturuna daxil olan şəbəkə vahidlərinin ləğv edilməsi onları yaradan orqanlar tərəfindən bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla vəsatət qaldırıldıqdan və həmin vəsatətə baxıldıqdan sonra həyata keçirilir.

 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?