İdarəetmə / Direktor / Metodika / Ümumi

Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

  • Admin
  • 29-apr-2024, 15:41
  • 71 Baxış


Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Ümumi müddəa

    Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri (bundan sonra — Normativlər) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.25-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir.

Bu Normativlərlə magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil edilir.

 

I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar

2. Ümumi təhsil müəssisələri 

2.1. Ümumi müddəalar

2.1.2. Yaşayış, istehsalat, tibb müəssisələrindən, nəqliyyat vasitələrinin saxlanılması və xidməti obyektlərindən ümumi təhsil müəssisələrinə qədər məsafələr şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılmasına və tikilib abadlaşdırılmasına dair normalara uyğun müəyyənləşdirilir.

 

2.2. Torpaq sahəsinə dair tələblər

2.2.2. Torpaq sahəsinin ölçüləri ümumi təhsil müəssisəsinin şagird tutumundan asılı olaraq, ərazi planlaşdırılması sənədlərinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun   müəyyənləşdirilir: 

Sökülmüş məktəb binasının yerində yeni məktəb binası tikildikdə, məktəbin mövcud torpaq sahəsinin ölçüləri saxlanıla bilər. Tikililərin yüksək sıxlıq şəraiti olan yaşayış məntəqələrində və mürəkkəb relyefli ərazidə məktəblərin torpaq sahələrinin ölçülərinin azaldılmasına Gigiyena və Epidemiologiya Mərkəzinin və Elm və Təhsil Nazirliyinin rəyi olduqda yol verilir.

 

2.2.3. Ayrılmış sahənin ən azı 40 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur. 

2.2.4. Ümumi təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsi tədris-təcrübə, bədən tərbiyəsi və idman, istirahət və təsərrüfat zonalarına ayrılır.

2.2.5. Tədris-təcrübə zonası ümumi sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriyalar planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər.

2.2.6. Bədən tərbiyəsi və idman zonasının meydançaları binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir.

2.2.7. İstirahət zonası təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur.

2.2.8. Təsərrüfat zonasına küçədən sərbəst giriş nəzərdə tutulur.

2.2.9. Layihələndirilən ümumi təhsil müəssisəsinin ərazisi yerin səthində 10 lx-ə bərabər olan işıqlanma norması təmin olunmaqla, xarici işıqlandırma sistemi ilə təchiz edilir.

2.2.10. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.

2.2.11. Məktəblərin tutduqları torpaq sahəsinin ərazisi perimetri boyu hasarlanmalıdır, o cümlədən:

- mikrorayon (məhəllə) daxilində olan torpaq sahələri hündürlüyü 1,2 m-dən az olmayan yaşıllıqlarla;

- küçə və keçidlərlə bitişik olan torpaq sahələri hündürlüyü 1,5 m-dən az olmayan metal tor (məftil) hasarla. Bu halda metal tor hasar korroziyayadavamlı örtüyə malik olmalıdır. 

 

2.3. Binalara olan tələblər

2.3.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 24 nəfər   olmaqla təşkil edilir. 

Kənd yerlərində əhalinin demoqrafiya göstəricilərindən asılı olaraq sinif otaqlarının tutumu 12 nəfərə qədər azaldıla bilər. Sinif otaqlarının sahəsi şagirdlərin sayından asılı olaraq 28-48 m2 olmaqla təşkil edilir.

2.3.2. Ümumi təhsil müəssisələrinin binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli ümumi təhsil müəssisələri yerləşdirilə bilər.

2.3.3. Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi zaman otaqların tərkibi və sahələri müəyyən edilərkən, hər bir konkret halda, ümumi təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır.

2.3.4. Otaqların tərkibi və sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, əsas dərs fənlərinin dərindən tədrisi üçün lazımi şərait yaradılmasını əks etdirir. Tədris prosesi aparılan sinif otaqlarının səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur.

2.3.5. Tutumu 108-300 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya və 1 fizika laboratoriya otağı, 300-dən 640 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları  nəzərdə tutulmalıdır. Laboratoriya otağının sahəsi sinifdəki şagirdlərin sayından asılı olaraq 36-60 m2 olmaqla nəzərdə tutulmalıdır.

2.3.6. Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 60 m2-dən çox olmamaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur. 

2.3.7. Ümumi təhsil müəssisələrində şagird sayından asılı olaraq, hər birinin sahəsi 10-18 m2 olan texniki və tibb otaqları nəzərdə tutulmalıdır. Tibb otaqlarının sayı və texnoloji avadanlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.

2.3.8. Ümumi təhsil müəssisəsinin tutumundan asılı olaraq, məktəb direktorunun otağının sahəsi qəbul otağı ilə birlikdə 24-54 m2 (o cümlədən ibtidai məktəblərdə 24-30 m2, ümumi orta məktəblərdə 30-36 m2, tam orta məktəblərdə 36-54 m2), direktor müavinlərinin otaqlarının sahəsi 10-18 m2, müəllimlər otağının sahəsi isə 24-60 m2 (o cümlədən ibtidai məktəblərdə 24-30 m2, ümumi orta məktəblərdə 30-40 m2, tam orta məktəblərdə 40-60 m2) arasında nəzərdə tutulmalıdır.

2.3.9. Ümumi təhsil müəssisələrində otaqlar dəhlizə nisbətdə birtərəfli yerləşdirildikdə, dəhlizin eni məktəbin tutumundan asılı olaraq 2,8-3,6 m, ikitərəfli olduqda isə yanğın normaları nəzərə alınmaqla ən azı 4,0 m qəbul edilməlidir.

2.3.10. Ümumi təhsil müəssisələrində idman zalı istisna olmaqla, birinci mərtəbədə olan sahələrin altında tavana qədər hündürlüyü 1,6 m olan və tamamlama işləri aparılmayan texniki döşəməaltı nəzərdə tutulmalıdır. Bəzi dağ rayonlarının kənd ümumtəhsil məktəblərində torpaq sahəsinin relyefindən asılı olaraq, zirzəmi planlaşdırıla bilər. 

2.3.11. Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulur.

2.3.12. Dərslər siniflərdə üzbəüz formasında keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5-3,0 m2 sahə ilə hesablanır. 

2.3.13. Şagirdlərin işçi zonasının münasib ölçüləri onların görmə bucağından (yazı taxtasından partaların birinci yan sırasına qədər məsafədən) asılıdır. Bu ölçü yuxarı sinif şagirdləri üçün 350 bucaq təşkil etdiyi halda, 6-7 yaşlı məktəblilər üçün 450 dərəcəli bucaqdan çox götürülür.

2.3.14. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsinə yönəldilmiş ümumi təhsil müəssisələrinin (gimnaziyalar, liseylər və s.) layihələndirilməsi zamanı şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafı üçün otaqların 12 m x 12 m ölçüdə studiyalar (universal zallar) kimi, eləcə də bu tipli təhsil müəssisəsinin təyinatından asılı olaraq, yardımçı otaqların estetik tərbiyə və təsviri incəsənət otağı kimi, poliekranlı estetika kabinetinin və təsviri incəsənət və xoreoqrafiya üzrə dərnək otaqlarının isə oxu və musiqi otaqları (70-108 m2) kimi istifadəsi nəzərdə tutula bilər.

2.3.15. Texnikiyönlü ümumi təhsil müəssisələrində texniki yaradıcılıq üçün sahəsi 108 m2 olan universal otaq nəzərdə tutulur.

2.3.16. Bədii-tədris kabinetləri sulu və ya yağlı boyalarla işləmək üçün rəssamlıq zonalarına malik olmalıdır. Layihə tərtib edilərkən incəsənətyönlü lisey və gimnaziyalarda rəssamlığın müxtəlif növləri ilə iş zamanı, pozadan asılı olaraq (oturaq vəziyyətdə sulu boya ilə rəssamlıq, ayaq üstə isə yağlı boya ilə rəssamlıq), yağlı boyalarla rəssamlıq üçün bir iş yerinə 3,5 m2, sulu boya ilə rəssamlıq üçün isə 2 m2 sahə nəzərdə tutulur.

2.3.17. İbtidai məktəblər üçün idman zalı kimi sahəsi 60-80 m2 və hündürlüyü 4 m olan gimnastika zalı nəzərdə tutulmalıdır. İdman zallarının planda ölçüləri ümumi orta məktəblərdə 9 m x 18 m, 300 şagird yerliyə qədər tam orta məktəblərdə 12 m x 24 m və daha yuxarı tutumu olan tam orta məktəblərdə isə 18 m x 30 m qəbul edilir.

2.3.18. Akt zalı tədris müəssisələrinin ayrılmaz hissəsi olaraq ölçüləri bir yerə 0,65 m2 hesablanmaqla, oturaq yerlərinin sayı müəssisədə təhsil alan şagirdlərin ümumi sayının 60 faizi ilə müəyyən olunur. Tutumu 180 şagird yerə qədər olan ümumi təhsil müəssisələrində akt və idman zallarının birləşdirilməsinə yol verilir.

2.3.19. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsi məqsədi ilə layihələndirilən gimnaziya və liseylərdə mühazirə üçün xüsusi otaqlar nəzərdə tutulur. Bu otaqların ölçüləri orada üç sinif yerləşdirilməklə və hər bir yerə 1 m2 hesablanmaqla, şagirdlər arasında yaş paraleli üzrə müəyyən olunur.

2.3.20. Kitabxanaların növü ümumi təhsil müəssisəsinin təyinatından və tutumundan asılıdır. Gimnaziyalarda və liseylərdə olan kitabxana və oxu zallarında şagirdlərin fərdi məşğələləri üçün zəruri şəraiti olan və tədris vasitələrinin bütün növləri ilə təchiz edilmiş məlumat-informasiya mərkəzi nəzərdə tutulur. Kitabxananın (informasiya mərkəzinin) sahəsi bir şagirdə 0,3 m2 hesablanmaqla müəyyən edilməlidir.

2.3.21. Ümumi təhsil müəssisələrinin binasının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə 0,1 m2-dən az olmayaraq qəbul edilməlidir. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir.

2.3.22. Laboratoriyalarda, tibb kabinetində və müəllimlər otağında əlüzyuyanlar quraşdırılır.

2.3.23. Şagirdlərin sayından asılı olaraq, ümumi təhsil müəssisələrində xammal və ya yarımfabrikatlarla işləyən bufet nəzərdə tutulur. Xammalla işləyən bufetdə soyuq qəlyanaltılar sahəsi, qab-qacağın yuyulması sahəsi, ət və xüsusilə tez xarab olan məhsulların saxlanılması üçün soyuducu, oturmaq üçün masa və stullar nəzərdə tutulur.

2.3.24. Ümumi təhsil müəssisələrində bufetlərin nəzdində şagirdlərin ümumi sayının 1/3 hissəsinin yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə 0,7 m2 hesablanmış yemək qəbulu zalı nəzərdə tutulur. Yemək zalına aparan keçiddə, dəhlizdə və ya zalın bilavasitə yaxınlığında əlüzyuyanlar yerləşdirilir. 

2.3.25. Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasında keçidlərin və məsafələrin aşağıda qeyd edilmiş ölçülərinə riayət olunur:

2.3.25.1. iki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;

2.3.25.2. masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;

2.3.25.3. masaların cərgələri ilə daxili uzununa divar (arakəsmə) arasında və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;

2.3.25.4. sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;

2.3.25.5. sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 760 sm; 

2.3.25.6. orta və yuxarı sinif şagirdləri üçün yazı taxtasını görmə bucağı uzunluğu 3 m olan və yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın arxasına qədər 350, 6-7 yaşlı uşaqlar üçün isə 450-dən az olmayaraq.

2.3.26. Fizika və kimya kabinetləri xüsusi nümayiş masaları ilə təchiz olunur. Əyani tədris vasitələrinin normal görünməsi üçün nümayiş masası bir qədər hündürdə quraşdırılmalıdır.

2.3.27. Ümumi təhsil müəssisələri layihələndirilərkən, fizika və kimya kabinetlərində elektrik enerjisi, sıxılmış hava (fizika laboratoriyasında) xətləri çəkilmiş iki yerlik laboratoriya masaları quraşdırılır. Kimya laboratoriyasının bayır divarının yanında yerləşən sorucu qurğu ilə təchiz olunması nəzərdə tutulur.

2.3.28. Ümumi təhsil müəssisəsinin daxili divarları və tavanları boya ilə rənglənilir, döşəmələr dəhlizdə sürüşməyən PVC və ya keramik tavalarla, otaqlar isə taxta döşəmə ilə, sanitar qovşaqlarının divarları kafel, döşəmələri isə metlaxla üzlənilir. Bu müəssisələrdə müasir tipli qapılardan və PVC tipli pəncərə (ikiqat şüşələnmə ilə) və vitrajlardan istifadə edilir, dam örtüyü isə sinklənmiş dəmir vərəqələrdən və ya metal-kirəmit materialdan quraşdırılır. 

2.3.29. Ümumi təhsil müəssisələri binalarının fasadları suvanmalı və fasad boyası ilə rənglənməlidir.

2.3.30. Məktəbin yerləşdiyi ərazinin yerli iqlim şəraiti, memarlıq üslubu və ənənələr nəzərə alınmaqla, layihə tapşırığı ilə məktəb binalarının tamamlama, ərazisinin abadlaşdırılma və hasarlanması işləri üzrə bu normativlərdə nəzərdə tutulmayan digər materiallar nəzərdə tutula bilər. Bu halda layihə tapşırığı Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.

 

2.4. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər

2.4.1. Ümumi təhsil müəssisələrində havanın isidilməsi və ventilyasiyası sistemləri ictimai binaların isidilməsinə, ventilyasiyasına və kondisiyalaşdırılmasına dair normativ sənədlərə uyğun layihələndirilməlidir. Binaların istilik təchizatı mərkəzləşdirilmiş şəkildə və ya yerli qazanxanalardan təmin oluna bilər.

2.4.2. Qızdırıcı cihazlar kimi radiator elementlərindən istifadə olunur. Qızdırıcı cihazlar asanlıqla çıxarılan taxta çərçivələrlə örtülür, pəncərə oyuğunun altında yerləşdirilərək temperatur tənzimləyiciləri ilə təchiz edilir. Qızdırıcı cihazların səthinin orta temperaturu 800C-dən artıq olmamalıdır .

2.4.3. İstilik və ventilyasiya sistemləri otaqlarda temperaturun hesablanan səviyyəsini və 40-60 faiz səviyyəsində nisbi rütubəti təmin etməlidir.

2.4.4. Ayaqyolunda, mətbəxdə, duş kabinələrində, laboratoriyalarda və emalatxanalarda sorucu mexaniki ventilyasiya sistemi quraşdırılır.

 

2.5. Təbii və süni işıqlandırma

2.5.1. Tədris otaqlarında yandan soltərəfli işıqlandırma nəzərdə tutulur.

2.5.2. Tədris prosesi həyata keçirilən emalatxanalarda, akt və idman zallarında yandan ikitərəfli təbii işıqlandırma tətbiq olunur.

2.5.3. Tədris otaqlarının süni işıqlandırılmasında əsasən lüminessensiya lampalarından istifadə edilir.

 

2.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər

2.6.1. Ümumi təhsil müəssisələrinin binaları qüvvədə olan tikinti normalarına və digər standartların tələblərinə uyğun olaraq təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz olunur.

2.6.2. Bufetlərin, əlüzyuyanların, sanitar qovşaqlarının, tibb məntəqəsinin daimi soyuq və isti su ilə təmin olunması nəzərdə tutulur.

2.6.3. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən ümumi təhsil müəssisələri həyətdə müvafiq tutumlu çirkab su anbarları (septik) layihələndirilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilməlidir.

 

II. Təhsil müəssisələrinin maddi-texniki təchizatına dair vahid normalar

 

2.    Ümumi təhsil müəssisələri

2.1. Ümumi təhsil müəssisələrində tədris otaqları təyinatından asılı olaraq, şagird masaları (bir və iki yerlik), auditor masaları, rəsmxət və ya laborator masaları ilə təchiz olunur. Bir qayda olaraq, masaların düzülüşü üçsıralı nəzərdə tutulsa da, bəzən iki və ya birsıralı (bloklaşdırılmış) variantların tətbiqi də mümkündür.

2.2. Hər bir şagird boyuna, görmə və eşitmə qabiliyyətinə uyğun olaraq, masa və ya parta arxasında rahat yerlə təmin olunmalıdır. Şagirdlərin boyuna uyğun olan mebelin seçimi üçün onun rənglə nişanlanması həyata keçirilir. Kürsü əvəzinə kətillər və ya skamyalar istifadə edilmir. Tədris otaqlarında partalar (masalar) nömrələrə uyğun yerləşdirilir (aşağı nömrəlilər yazı taxtasına yaxın, yuxarı nömrəlilər isə yazı taxtasından uzaq qoyulur). Nömrəsindən asılı olmayaraq, görmə və eşitmə qabiliyyəti pozulmuş uşaqların partaları pəncərənin yaxınlığındakı ön cərgədə yerləşdirilir. Tez-tez kəskin respirator xəstəliklərə, angina və soyuqdəyməyə məruz qalan uşaqlar çöl divarlarından kənarda yerləşdirilirlər.

 

2.3. Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasında keçidlərin və məsafələrin aşağıda qeyd edilmiş ölçülərinə riayət olunur:

2.3.1. ikiyerli masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;

2.3.2. masaların cərgələri ilə çöl uzununa divar arasında 50-70 sm-dən az olmayaraq;

2.3.3. masaların cərgələri ilə daxili uzununa divar (arakəsmə) arasında və ya bu divar boyu şkaflar arasında 50-70 sm-dən az olmayaraq;

2.3.4. sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara (arakəsməyə) qədər ən azı 70 sm;

2.3.5. xarici arxa divardan 100 sm-dən az olmayaraq, digər tərəfdə siniflər olduqda isə ən azı 120 sm;

2.3.6. nümayiş masasından yazı taxtasına qədər ən azı 100 sm;

2.3.7. birinci partadan yazı taxtasına qədər 240-270 sm;

2.3.8. sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 860 sm;

2.3.9. yazı taxtasının aşağı kənarının döşəmədən hündürlüyü 90 sm.

2.4. Orta və yuxarı sinif şagirdləri üçün yazı taxtasının görmə bucağı (uzunluğu 3 m olan yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın ortasına qədər) 35, 6-7 yaşlı uşaqlar üçün 45-dən az olmamalıdır.

2.5. Şagird masalarının və oturacaqlarının tövsiyə olunan ölçüləri və nişanlanma qaydası 18 nömrəli cədvəldə göstərilmişdir:

 

 

 

 

18 nömrəli cədvəl

Mebelin nömrəsi

Şagirdin boy qrupu (sm-lə)

Şagirdin önündəki masanın kənarının döşəmədən hündürlüyü (sm-lə)

Nişanın rəngi

Oturacağın ön kənarının döşəmədən hündürlüyü (sm-lə)

1

100,0-115,0

46,0

narıncı

26,0

2

115,0-130,0

52,0

bənövşəyi

30,0

3

130,0-145,0

58,0

sarı

34,0

4

145,0-160,0

64,0

qırmızı

38,0

5

160,0-175,0

70,0

yaşıl

42,0

6

175,0 artıq

76,0

mavi

46,0

 

2.6. Fizika və kimya kabinetləri kinoproyektorla, su təchizatı və kanalizasiya sistemi ilə, eyni zamanda idarəetmə pultları olan xüsusi nümayiş masaları ilə təchiz olunur.

2.7. Əyani vəsaitlərin normal görünməsi üçün nümayiş masasının podiumda (döşəmə səthindən bir qədər hündürdə) quraşdırılması nəzərdə tutulur. Fizika və kimya kabinetlərində şagirdlər üçün elektrik enerjisi, sıxılmış hava (fizika laboratoriyası) xətləri çəkilmiş ikiyerli laboratoriya masaları quraşdırılır. Kimya laboratoriyası çöl divarının yanında yerləşən sorucu şkafla təchiz olunmalıdır.

2.8. Xarici dil kabinetində proyektor üçün idarəetmə pultu və tumbalı müəllim masası, maqnitofon və digər cihazlar üçün altlıq, əyani vəsaitlər saxlanan seksiyalı şkaflar (divarda quraşdırılmış və ya divara bərkidilmiş), linqafon qurğuları və digər əşyalar nəzərdə tutulur.

2.9. İnformatika otaqlarında yerləşdirilən avadanlıqlar — videodispley terminalları, kompüterlər və fərdi elektron-hesablama maşınları sanitariya-gigiyena tələblərinə uyğun olmalıdır. Ümumi təhsil müəssisələrində kompüterlərin sayı hər 30 şagirdə 1 kompüter olmaqla nəzərdə tutulur.

2.10. Texnologiya dərsinin tədrisi aparılan emalatxanalarda avadanlığın yerləşdirilməsi, müşahidənin aparılması, düzgün iş pozasının gözlənilməsi və zədələnmənin profilaktikası üçün əlverişli şərait yaradılmalıdır. Xarratlıq emalatxanasında çilingər dəzgahları pəncərə istiqamətində 45° altında və ya işığın sol tərəfdən düşməsi təmin edilməklə, işıqsaçan divara perpendikulyar 3 sırada yerləşdirilir. İşığın sol tərəfdən düşməsi üçün işıqsaçan divarla perpendikulyar sırada yerləşdirilmiş çilingər dəzgahı arasındakı məsafə ön-arxa istiqamətində 80 sm-dən az olmamalıdır. Xarratlıq emalatxanalarında çilingər dəzgahlarının işıqsaçan divara perpendikulyar istiqamətdə yerləşdirilməsi ilə həm soltərəfli, həm də sağtərəfli işıqlanmaya yol verilir. Biryerlik çilingər dəzgahlarının sıraları arasındakı məsafə 1,0 m-dən, ikiyerlik çilingər dəzgahlarının sıraları arasındakı məsafə isə 1,5 m-dən az olmamalıdır. Məngənələr çilingər dəzgahlarına onların oxları arasındakı 0,9 m məsafədə bərkidilir. Çilingər dəzgahları hündürlüyü 0,65 m - 0,7 m olan mühafizə toru ilə təchiz olunmalıdır. Deşici, yonucu və digər dəzgahlar xüsusi bünövrə üzərində quraşdırılmalı və qoruyucu torlar, şüşələr və yerli işıqlandırma sistemi ilə təchiz edilməlidir. Çilingər və dülgər işləri üçün istifadə olunan alətlər şagirdlərin yaş həddinə uyğun olmalıdır. Çilingər və dülgər emalatxanalarında, eləcə də əmək müəlliminin otağında əlüzyuyanlar və elektrik suqurudan cihaz quraşdırılır. İlk tibbi yardımın göstərilməsi üçün emalatxanada dərman çantası olmalıdır. Şagirdlər tərəfindən bütün işlər xüsusi geyimdə (xələt, önlük, papaq, yaylıq) yerinə yetirilir. Gözlər üçün təhlükə törədən işlərin icrası zamanı qoruyucu eynəklərdən istifadə edilir.

2.11. Tədris otaqlarında divarların nəm üsulla təmizlənməni təmin edən hamar səthi olmalıdır. Döşəmədə oyuqlar olmamalı və isti əsaslı linoleumla, yaxud parket və ya taxta ilə döşənməlidir. Ayaqyolu və əlüzyuyan yerləşən otaqlarda döşəmələr keramik və ya mozaik cilalanmış plitələrlə üzlənməlidir. Sement, mərmər və ya digər belə materiallardan istifadə olunmur.

2.12. Otaqların divarlarının və döşəmələrinin işlənməsi üçün tikintidə tətbiqinə icazə verilmiş polimer materiallar və məmulatlar istifadə edilməlidir.

 

III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələblər

 

2. Ümumi təhsil müəssisələri

2.1. Ümumi müddəalar

2.1.1. Tikintisi başa çatmış və ya yenidən qurulmuş ümumtəhsil müəssisələrinin fəaliyyətinə yalnız sanitariya qaydalarına və normalarına uyğunluq haqqında sanitar-epidemioloji rəy olduğu zaman icazə verilir.

2.1.2. Ümumi təhsil müəssisələrində iaşə və tibb xidmətlərinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir.

2.1.3. Ümumi təhsil müəssisələrində sanitariya qaydalarının icrasına nəzarət gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həyata keçirilir.

 

2.2. Tədris prosesi rejiminə dair tələblər

2.2.1. Ümumi təhsil müəssisələrində uşaqların təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şəraiti, onların qidalanması, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə tələbləri tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət olunması təmin edilməlidir.

2.2.2. Ümumi təhsil müəssisələrində uşaqların maksimum dərs yükünə dair tələblər 30 nömrəli cədvəldə göstərilmişdir:

 

 

30 nömrəli cədvəl

Siniflər

Həftəlik maksimum məcburi dərs yükü (saatla)

5 günlük tədris həftəsində

6 günlük tədris həftəsində

1

20

-

2 — 4

25

25

5

28

31

6

29

32

7

31

34

8, 9

32

35

10, 11

33

36

 

2.2.3. Dərsdənkənar məşğələlər şagirdlərin həftəlik maksimum dərs yükünə daxil edilməməlidir.

2.2.4. 2-4-cü siniflərdə bir dərsin davametmə müddəti 45 dəqiqə olmaqla, 5 günlük tədris həftəsi ərzindəki maksimal dərs yükü 25 saat, 6 günlük tədris həftəsində isə 27 saat təşkil etməlidir.

2.2.5. 5-11-ci siniflərdə təhsil alan şagirdlərin tədris həftəsinə uyğun olaraq, dərs yükü 30 nömrəli cədvəldə göstərilmişdir. Dərsin davametmə müddəti 45 dəqiqədən artıq olmamalıdır.

2.2.6. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

2.2.8. Uşaqların 1-ci sinifdə təhsil prosesi aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilməlidir:

2.2.8.1. tədris məşğələləri yalnız birinci növbədə keçirilir;

2.2.8.2. 5 günlük tədris həftəsi nəzərdə tutulur;

2.2.8.3. tədris həftəsinin ortasında asanlaşdırılmış tədris günü təşkil edilir;

2.2.8.4. gündə 4 dərsdən çox dərs keçilmir;

2.2.8.5. dərslərin davametmə müddəti 45 dəqiqədən az olmamalıdır;

2.2.8.6. tədris gününün ortasında 40 dəqiqədən çox olmayan dinamik fasilə tətbiq olunur.

2.2.9. İbtidai siniflərdə təhsil alanların fiziki tərbiyə və musiqi fənləri istisna olmaqla, sırf təlim vaxtı ümumi dərs vaxtının 80 faizindən artıq olmamalıdır. Şagirdlərin yorulmaması, onların qamətinin pozulmaması və görmə qabiliyyətinin profilaktikası məqsədi ilə oxu, yazı və riyaziyyat fənlərinin tədrisi zamanı gözlər üçün gimnastika hərəkətlərinin həyata keçirilməsi zəruridir.

2.2.10. Sağlamlaşdırma məqsədi ilə ümumi təhsil müəssisələrində təhsil alanların hərəkət üzrə bioloji tələbatının ödənilməsi üçün zəruri şərait yaradılır. Hərəkət fəallığının belə həcmi şagirdlərin hər bir təhsil müəssisəsinin gündəlik tədbirlər kompleksində iştirakı əsasında formalaşdırılmalıdır. Bu tədbirlərə tədris məşğələlərinə qədər gimnastika hərəkətləri, dərslərdə qısamüddətli idman dəqiqələri, tənəffüs vaxtı hərəkətli oyunlar, uzadılmış gün ərzində idman saatı, fiziki tərbiyə dərsləri, sinifdənxaric idman məşğələləri, yarışların həyata keçirilməsi daxildir. Aşağı sinif şagirdləri üçün tərtib olunan tədris planlarında fəal hərəkətli məşğələlərin daxil edilməsi tövsiyə olunur (xoreoqrafiya, ritmika, müasir və bal rəqsləri, ənənəvi və milli idman oyunları).

2.2.11. Dərslərin səhər saat 8-də başlaması məqsədəuyğundur. Ayrı-ayrı fənlərin dərindən tədris edildiyi ümumi təhsil müəssisələrində, liseylərdə və gimnaziyalarda dərslər bir qayda olaraq birinci növbədə həyata keçirilir. Bir neçə növbədə işləyən ümumi təhsil müəssisələrində 1-ci, 5-ci və buraxılış siniflərində dərslər birinci növbədə keçirilməlidir.

2.2.12. Tədris həftəsinin müddətindən asılı olmayaraq, gün ərzində keçirilən dərslərin sayı ibtidai siniflərdə 5-dən, 5-11-ci siniflərdə isə 6-7-dən çox olmamalıdır.

2.2.13. Yorğunluğun qarşısının alınması və həftə ərzində lazımi iş qabiliyyətinin qorunub saxlanılması üçün şagirdlər həftənin ortasında sadələşdirilmiş dərs günü ilə təmin olunmalıdırlar.

2.2.14. Ümumi təhsil müəssisələrində audiovizual vasitələrin istifadəsi zamanı onların tədris prosesində fasiləsiz tətbiq müddəti 31 nömrəli cədvələ uyğun olaraq müəyyən edilməlidir:

 

 

31 nömrəli cədvəl

Siniflər

Tamaşa müddəti (dəqiqə ilə)

kinofilmlər

televiziya verilişləri

1 — 2

15 — 20

15

3 — 4

15 — 20

20

5 — 7

20 — 25

20 — 25

8 — 11

25 — 30

25 — 30

 

2.2.15. Həftə ərzində texniki tədris vasitələrinin tətbiqi ilə müşayiət olunan dərslərin sayı aşağı sinif şagirdləri üçün 3-4-dən, yuxarı sinif şagirdləri üçün isə 4-6-dan artıq olmamalıdır.

2.2.16. Kompüter texnikasından istifadə vaxtı dərslərdə məşğələlərin bilavasitə videodispley terminalı ilə davametmə müddəti, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsi videodispley terminalına və elektron-hesablayıcı maşınlara dair gigiyenik tələblərə uyğun olmalıdır. Videodispley terminalı ilə məşğələlərdən sonra gözlərin istirahəti üçün gimnastik hərəkətlər keçirilməlidir.

2.2.17. Texnologiya dərslərində xarakterinə görə müxtəlif tapşırıqların növbələnməsi tələb olunur. Dərsdə şagirdlər tərəfindən görülən sərbəst iş zamanı eyni fəaliyyət növünün həyata keçirilməsi məsləhət görülmür.

2.2.18. 1-ci və 2-ci siniflərdə təhsil alan şagirdlərin praktiki işinin davametmə müddəti 20-25 dəqiqə, 3-cü və 4-cü siniflərdə təhsil alan şagirdlər üçün isə 30-35 dəqiqə təşkil etməlidir.

2.2.19. Kağız, karton və parça ilə aparılan fasiləsiz işin davametmə müddəti 1-ci sinif şagirdləri üçün 5 dəqiqə, 2-ci və 3-cü sinif şagirdləri üçün 5-7 dəqiqə, 4-cü sinif şagirdləri üçün 10 dəqiqə, ağac və naqillə iş zamanı isə 4-5 dəqiqə təşkil etməlidir.

2.2.20. 5-7-ci sinif şagirdləri üçün əmək dərslərində həyata keçirilən praktiki işin müddəti ümumi məşğələ saatının 65 faizindən artıq olmamalıdır. 5-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş əsas əmək əməliyyatları üzrə aparılan fasiləsiz işin davametmə müddəti 10 dəqiqədən, 6-cı sinifdə 12 dəqiqədən, 7-ci sinifdə isə 16 dəqiqədən artıq olmamalıdır.

2.2.21. Dərs cədvəllərinin tərtib edilməsi vacibdir və dərsdənkənar fakültativ məşğələlər üçün ayrı-ayrılıqda tərtib olunur. Vacib dərslərin sayının az olduğu günlərdə dərsdənkənar fakültativ məşğələlər planlaşdırıla bilər. Fakültativ dərslə əsas məşğələlərin sonuncusu arasındakı müddətdə 45 dəqiqə fasilə tətbiq edilir.

2.2.22. İbtidai siniflərdə qoşa dərslər keçirilmir. 5-9-cu sinif şagirdləri üçün laboratoriya, yoxlama işləri, əmək hazırlığı və fiziki tərbiyə dərslərinin keçirilməsi üçün qoşa dərslərin tətbiqinə yol verilir. 5-9-cu sinif şagirdləri üçün əsas və profil fənləri üzrə qoşa dərslərin fiziki tərbiyə dərsindən sonra və ya davametmə müddəti 30 dəqiqə olan dinamik pauza şəraitində keçirilməsi mümkün hesab edilir. 10-cu, 11-ci siniflərdə əsas və profil fənləri üzrə qoşa dərslərin keçirilməsinə yol verilir.

2.2.23. Şagirdlərin dərs cədvəlləri gündəlik və həftəlik əqli iş gərginliyinin səviyyəsi nəzərə alınmaqla tərtib olunur.

2.2.24. Dərs cədvəlləri tərtib olunarkən, aşağı sinif şagirdləri üçün gün və həftə ərzində əsas fənlər musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə fənləri ilə, yuxarı siniflər üçün isə təbiət, riyaziyyat və humanitar fənlərlə əvəzlənməlidir.

2.2.25. Dərslər arasında fasilənin müddəti 5-10 dəqiqə, uzun fasilələrin müddəti isə (2 və ya 3 dərsdən sonra) 10-30 dəqiqə təşkil edir. Bir böyük fasilə isə 2 və 3 dərsdən sonra müddəti 20 dəqiqə olan iki fasilə ilə əvəzlənir. Fasilələrin təmiz havadan maksimal istifadə etməklə və hərəkətli oyunlar keçirməklə təşkil olunması zəruridir. Gündəlik dinamik fasilənin həyata keçirilməsi zamanı böyük fasilənin 45 dəqiqəyə qədər davam etməsinə icazə verilir. Bu müddətin 30 dəqiqəsi idman meydançasında, idman zalında və ya trenajorlarla təchiz olunmuş rekreasiya sahələrində keçirilməlidir.

2.2.26. Ev tapşırıqları verildikdə, şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır. Belə ki, bu müddətlər 1-ci sinifdə (dərs ilinin ikinci yarısından etibarən) — 1 saata qədər, 2-ci sinifdə — 1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə — 2 saata qədər, 5-ci və 6-cı siniflərdə — 2,5 saata qədər, 7-ci və 8-ci siniflərdə — 3 saata qədər, 9-cu və 11-ci siniflərdə — 4 saata qədər təşkil etməlidir.

2.2.27. Günüuzadılmış qruplarda təhsil alan azyaşlı şagirdlər üçün gəzinti müddəti 2 saat, yuxarı sinif şagirdləri üçün isə 1,5 saatdan az olmamalıdır. Müstəqil hazırlıq işlərinə saat 16.00-dan başlanılmalıdır. Müstəqil hazırlığın davametmə müddəti müəllimlər tərəfindən müəyyən edilir.

2.2.28. Uşaqların günüuzadılmış qruplarda müstəqil hazırlığa başlayana qədər havada hərəkət fəallığı (gəzinti, hərəkətli idman oyunları, müəssisənin ərazisində ictimai faydalı əməklə məşğuliyyət) təmin olunmalı, sonra isə onlar müxtəlif intellektual tədbirlərdə (dərnəklərdə hazırlıq, zehni oyunlar, tamaşalar, özfəaliyyət konsertləri, viktorinalar) iştirak etməlidirlər.

 

2.3. Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblər

2.3.1. Ümumi təhsil müəssisəsində epidemioloji vəziyyətin normal olduğu şəraitdə gündəlik nəm üsulla təmizlik işləri həyata keçirilməlidir. Sinif otaqlarının və digər yardımçı sahələrin təmizlənməsi dərslər başa çatdıqdan sonra pəncərə və nəfəsliklərin açıq vəziyyətində həyata keçirilir. İkinövbəli iş rejimi olduqda, təmizlik işləri iki dəfə həyata keçirilir. Bu zaman döşəmələr yuyulur, toz yığılan yerlər (pəncərə altlıqları, radiatorlar) silinir. Ayda bir dəfə yuyucu və istifadəsinə icazə verilən dezinfeksiyaedici vasitələrin tətbiqi ilə həyətdə və otaqlarda əsaslı təmizlik işləri həyata keçirilir. Pəncərələrin daxili və xarici səthləri, eləcə də pəncərə oyuqları ildə 2 dəfə (yazda və payızda) yuyulur. Ümumi istifadədə olan sahələrdə (ayaqyolu, bufet, yemək otağı və tibb kabineti) təmizlik işləri aparılarkən mütləq dezinfeksiyaedici vasitələr tətbiq olunur.

2.3.2. Səhər, nahar və günorta yeməklərindən sonra yeməkxanada təmizlik işləri aparılır. Qabların yuyulması mexaniki üsulla və ya əllə həyata keçirilir. Qablar əllə yuyulanda üçseksiyalı vannadan istifadə olunur. Qida qalıqlarından təmizlənən qab-qacaq yuyucu vasitələrin (1-ci vanna) əlavə olunduğu suda (500C) yuyulur. Bundan sonra qablar dezinfeksiyaedici məhlulun içərisinə salınır (2-ci vanna), sonra 650C temperaturda isti su altında yaxalanır (3-cü vanna) və xüsusi şkaflarda qurudulur. Şüşə qablar mexaniki təmizlənmədən sonra yuyucu vasitələrin tətbiqi ilə yuyulur (1-ci vanna), isti su altında yaxalanır (2-ci vanna) və xüsusi rəflərdə qurudulur. Yemək qəbulu zamanı istifadə olunan ləvazimatlar yuyucu vasitələrin tətbiqi ilə mexaniki təmizlənmədən sonra (1-ci vanna) isti su altında yaxalanır (2-ci vanna) və 2-3 dəqiqə ərzində hava sterilizatorlarında fiziki üsulla dezinfeksiya edilir. Təmiz ləvazimatlar metal kasetlərdə, qulpları yuxarı olmaqla, şaquli vəziyyətdə saxlanılır.

2.3.3. Karantin zamanı qab-qacağın təmizlənməsi prosesinin növbəliliyi dəyişir. Bu zaman qablar qida qalıqlarından təmizləndikdən sonra dezinfeksiyaedici məhlullardan birinin içərisinə salınır və ya 15 dəqiqə ərzində qaynadılır. Bundan sonra yuyulur, isti su ilə yaxalanır və qurudulur. Qabyuyan maşın istifadə edildikdə, qabların təmizlənmə qaydası yuyulmaya dair təlimatda göstərilən rejimə uyğun həyata keçirilir.

2.3.4. Qida blokunda (mətbəx, anbar) ərzaqların və qida qalıqlarının saxlanılması qaydalarına ciddi riayət edilməli, həşəratlara və gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir.

2.3.5. Tibb kabinetinin və avadanlıqların dezinfeksiyası ilə yanaşı, dəfələrlə istifadə olunan alətlərin kimyəvi (xüsusi məhlulların tətbiqi ilə) və ya fiziki üsullarla dezinfeksiyası (qaynadılma, quru buxara verilmə) aparılmalıdır.

2.3.6. Sterillik tələb olunan vəziyyətlərdə birdəfəlik istifadə materiallarını tətbiq etmək zəruridir.

2.3.7. Karantin dövründə karantin sinfində təhsil alan uşaqların gün ərzində olduğu bütün otaqlar gündəlik dezinfeksiya edilməlidir. Dezinfeksiya tədbirləri aparılan zaman xəstəliklərin yayılmasında əsas rol oynayan obyektlərə xüsusi diqqət yetirilməlidir.

2.3.8. Hava-damcı yolu ilə infeksiyaların yayıldığı zaman sinif otaqlarının havasının mütəmadi dəyişdirilməsi (hər fasilədə), otaqlarda tozun silinməsi və qabların zərərsizləşdirilməsi, bağırsaq infeksiyaları zamanı qab-qacağın, nahar masalarının, sanitar-texniki cihazların və digər ləvazimatların zərərsizləşdirilməsi, hər dəfə ayaqyoluna getdikdən sonra və qida qəbulundan əvvəl əllərin sabunla yuyulması həyata keçirilməlidir.

2.3.9. Pedikulyoz xəstəliyinin aşkarlanması məqsədi ilə hər tətildən sonra ildə 4 dəfə və ya hər ay seçmə yolu ilə (4-5 sinifdə) tibbi heyət tərəfindən uşaqlara baxış təşkil edilməlidir.

2.3.10. Müəssisənin həyətində gündəlik təmizlik işləri həyata keçirilməli, məişət tullantıları kip qapanan qapaqlı metal tutumlara yığılmalıdır. Tutumların boşaldılması onun 2/3 hissəsi dolduqda həyata keçirilir. Zibil qabları boşaldıldıqdan sonra dezinfeksiya edilməlidir.

2.3.11. Həşəratlarla mübarizə təlimatlara uyğun aparılmalıdır. Müəssisənin ərazisində nəzarətdənkənar heyvanların olmasına icazə verilmir.

 

2.4. Qidalanmaya dair tələblər

2.4.1. Ümumi təhsil müəssisələrində iaşə xidməti müəssisə rəhbərliyi və iaşə xidmətini göstərmək hüququ olan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir.

2.4.2. Müqavilə bağlanmazdan əvvəl təhsil müəssisəsində, eləcə də qidalanma həyata keçirilən obyektdə sanitar-epidemioloji şəraitin vəziyyəti barədə dövlət sanitariya nəzarəti orqanının müsbət rəyi alınmalıdır.

2.4.3. Bütün ümumi təhsil müəssisələrinin şagirdləri üçün birdəfəlik isti yemək təşkil edilir. Valideynlərin arzusuna uyğun olaraq, şagirdlərin nahar yeməyi ilə təmin edilməsi mümkündür. Günüuzadılmış qrupda olan şagirdlər isə təhsil aldığı məktəbdə iki dəfə isti xörəklə (səhər yeməyi və nahar), müəssisədə axşama qədər qaldıqları zaman isə günorta yeməyi ilə də təmin edilə bilərlər. Şagirdlərin qida rasionu və qidalanmanın təşkili dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırılmalıdır.

2.4.4. Qidalanmanın təşkili zamanı ictimai iaşə müəssisələrinə, ərzaq xammalının saxlanılmasına və emalına, qida məhsullarının hazırlanmasına, xüsusilə tez xarab olan ərzaq məhsullarının saxlanma şəraitinə və müddətinə, ümumi təhsil müəssisələrində şagirdlərin rasional qidalanmasının təşkilinə dair sanitar-epidemioloji tələblər rəhbər tutulmalıdır.

2.4.5. Şagirdlər və müəssisənin işçi heyəti arasında qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaları baş verdikdə, müəyyən olunmuş qaydada dövlət sanitariya nəzarəti orqanlarına təcili məlumat verilməlidir.

2.4.6. Ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı aşağıdakı məhsulların istifadə olunması qadağandır:

2.4.6.1. çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

2.4.6.2. termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

2.4.6.3. təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

2.4.6.4. termiki emala məruz qalmayan yaşıl noxud;

2.4.6.5. ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);

2.4.6.6. termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

2.4.6.7. göbələklər;

2.4.6.8. yumurtalı makaronlar, qayğanaq;

2.4.6.9. kremli pirojnalar və tortlar;

2.4.6.10. çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər;

2.4.6.11. xəmiri acıdan naməlum tərkibli tozlar.

 

2.5. Qida blokunun işçi heyəti tərəfindən şəxsi gigiyena qaydalarına riayət edilməsinə dair tələblər

2.5.1. Qida blokunda tibbi müayinələrdən keçmiş və gigiyenik cəhətdən hazırlıqlı olan şəxslərin işləməsinə yol verilir.

2.5.2. İşçilərin tibbi müayinədən keçmələrinə nəzarət müəssisənin tibb işçisi tərəfindən aparılır. Hər bir işçi üçün tibbi müayinələrin nəticələri, keçirilmiş yoluxucu xəstəliklər və sanitariya minimumu üzrə imtahan verilməsi haqqında məlumatlar qeyd edilmiş şəxsi tibbi kitabça açılır.

2.5.3. Qida blokunun işçi heyəti şəxsi gigiyenaya dair aşağıdakı qaydalara riayət etməlidir:

2.5.3.1. işə təmiz geyimdə və ayaqqabıda gəlməli;

2.5.3.2. üst geyimini, papağını və şəxsi əşyalarını qarderobda saxlamalı;

2.5.3.3. dırnaqlarını qısa saxlamalı;

2.5.3.4. işə başlamazdan əvvəl əllərini sabunla yumalı, xüsusi ayrılmış yerdə təmiz sanitar geyim geyinməli, ayaqyolundan istifadə etdikdən sonra əllərini dezinfeksiyaedici sabunla yumalı;

2.5.3.5. soyuqdəymə və ya bağırsaq pozuntusu, eləcə də irinləmə, kəsik və yanıq hallarının əlamətləri olması barədə müəssisə rəhbərliyinə xəbər verməli və müalicə üçün tibb müəssisəsinə müraciət etməli;

2.5.3.6. ailəsində bağırsaq infeksiyalarına yoluxma halları baş verdikdə, müəssisə rəhbərliyinə dərhal məlumat verməlidir.

2.5.4. Xörək, kulinar və şirniyyat məmulatlarının hazırlanması zamanı qida blokunun əməkdaşlarına zərgərlik məmulatlarını taxmağa, dırnağa lak çəkməyə və paltara sancaq vurmağa icazə verilmir. 

2.5.5. Hər gün növbəyə başlamazdan əvvəl tibb işçisi bütün əməkdaşların bədənindəki açıq səthlərdə irinli xəstəliklərin və yaraların olub-olmamasını yoxlayır. İrinli dəri xəstəliyi, irinli kəsiklər, yanıqlar, cızıqlar və eləcə də yuxarı tənəffüs yollarının katarı müşahidə edilən şəxslər işə buraxılmır və ya başqa işə keçirilirlər. Müayinələrin nəticələri xüsusi formada tərtib edilmiş jurnalda qeyd olunur. Qida blokunda ilk tibbi yardımın göstərilməsi üçün dərman preparatları dəsti olan dərman qutusu olmalıdır.

 

IV. Təhsil müəssisələrində şagird yerləri ilə təminat normativləri

2. Ümumi təhsil müəssisələri

2.1. Ümumi təhsil müəssisələrində şagird yerləri ilə təminatda bir növbədə oxutmaqla, uşaqların ümumi orta təhsil üzrə (I-IX siniflər) 100 faizinin və tam orta təhsil üzrə (X-XI siniflər) 75 faizinin əhatə olunması nəzərdə tutulmalıdır.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?