Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri
- Admin
- 29-apr-2024, 15:47
- 38 Baxış
Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 23 aprel tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu normativlər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və təhsilin pillələri üzrə təhsil müəssisələrinin maddi-texniki bazasını və təhsil infrastrukturu normativlərini müəyyən edir.
1.2. Müxtəlif təhsil pillələrini həyata keçirən təhsil müəssisələrinin vahid kompleks şəklində layihələndirilməsi hər bir təhsil pilləsi üzrə bu normativlərlə müəyyənləşdirilmiş normalara əsasən yerinə yetirilir.
1.3. Təhsil müəssisələrinin maddi-texniki bazası və təhsil infrastrukturu onların tikintisi üçün ayrılmış torpaq sahəsindən və tədris binasından (binalarından) ibarətdir.
3. Ümumi təhsil müəssisəsi
3.1. Ümumi təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsinin ölçüləri mövcud şəraitdən və yerli xüsusiyyətlərdən asılı olaraq, layihəqabağı işlər zamanı yerli icra hakimiyyəti və ya bələdiyyə orqanları ilə razılaşdırılmalı və müvafiq qaydada təsdiq olunmuş baş plan və ya müfəssəl planlaşdırma layihələrində öz əksini tapmalıdır.
3.2. Ümumi təhsil müəssisələrinin binaları layihələndirilərkən, onların yerləşdirilməsi üçün torpaq sahələrinin ölçüləri aşağıdakı hesabla müəyyənləşdirilməlidir:
3.2.1. 40 şagirddən 400 şagirdədək hər bir şagird üçün - 50 m2;
3.2.2. 400 şagirddən 500 şagirdədək hər bir şagird üçün - 60 m2;
3.2.3. 500 şagirddən 600 şagirdədək hər bir şagird üçün - 50 m2;
3.2.4. 600 şagirddən 800 şagirdədək hər bir şagird üçün - 40 m2;
3.2.5. 800 şagirddən 1100 şagirdədək hər bir şagird üçün - 33 m2;
3.2.6. 1100 şagirddən 1500 şagirdədək hər bir şagird üçün - 21 m2;
3.2.7. 1500 şagirddən 2000 şagirdədək hər bir şagird üçün - 17 m2;
3.2.8. 2000 şagirddən çox hər bir şagird üçün - 16 m2.
3.3. Ayrılmış sahənin ən azı 50 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.
3.4. Tədris müəssisəsi üçün ayrılmış torpaq sahəsi aşağıdakı zonalara ayrılır:
3.4.1. tədris-təcrübə zonası - sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriya otaqları planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər;
3.4.2. bədən tərbiyəsi və idman zonası - binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir;
3.4.3. istirahət zonası - təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur;
3.4.4. təsərrüfat zonası - küçədən sərbəst girişə malik olur.
3.5. Layihələndirilən müəssisənin ərazisi yerin səthindən 10 lx-a bərabər olan işıqlanma norması təmin olunmaqla, xarici işıqlandırma sistemi ilə təchiz edilir.
3.6. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.
3.7. Ümumi təhsil müəssisələrinin binası aşağıdakı funksional otaq qruplarından ibarətdir:
3.7.1. tədris otaqları;
3.7.2. əmək tədrisi otaqları;
3.7.3. ümumi məktəb zalları qrupu;
3.7.4. inzibati xidmət otaqları qrupu (direktor otağı, direktor müavininin otağı, müəllimlər otağı, metodika kabineti, mühasibatlıq otağı, arxiv).
3.8. Tədris blokuna aşağıdakı tədris seksiyaları (otaqlar qrupu) daxildir:
3.8.1. ibtidai siniflər seksiyası;
3.8.2. natamam orta təhsil sinifləri seksiyası;
3.8.3. tam orta təhsil sinifləri seksiyası.
3.9. Əmək tədrisi bloku tədris emalatxanalarından, təlimatçı otaqlarından, xammal və hazır məhsul saxlanılan otaqlardan ibarətdir.
3.10. Ümumi məktəb blokuna aşağıdakılar daxildir:
3.10.1. akt zalı, kitabxana və dərnək otaqları;
3.10.2. idman zalı (zalları) və onların köməkçi otaqları;
3.10.3. qida qəbulu zalı və onun köməkçi otaqları.
3.11. Ümumi təhsil müəssisəsinin tutumundan asılı olmayaraq, onun funksional strukturu, bir qayda olaraq, dəyişilməz qalır. Funksional otaqlar qrupların tərkibindən, otaqların sayı isə müəssisənin tutumundan və təmayülündən asılı olaraq müəyyənləşdirilir.
3.12. Ümumi təhsil müəssisəsi böyük kompleks şəklində də layihələndirilə bilər. Belə komplekslər bir qayda olaraq, 2-3 müxtəlif tutumlu tədris müəssisəsindən və ümumi təhsil məktəb zallarından və inzibati-xidmət otaqlarından ibarət olur.