Direktor / Sinif rəhbəri / Tədris

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

  • Admin
  • 14-mar-2024, 14:23
  • 197 Baxış


Tədris prosesinin nizama salınması normativ sənədlərə uyğun olmalıdır. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin, ümumilikdə götürdükdə təhsil prosesinin təşkilində bir sıra sənədlərin düzgün tərtibi mühüm şərtdir. Bu proseslərin normal təşkilini təmin edən əsas normativ sənədlərdən biri dərs cədvəlidir.
 
Təcrübə göstərir ki, bu normativ sənədlərdən biri dərs cədvəli hesab edilsə də hazırda bu sənədin bir normativ əsas kimi tətbiqində qeyri-müəyyənlik vardır. Halbuki dünya təhsil təcrübəsində dərs cədvəlinin tərtibinə verilən pedaqoji tələblər bundan ibarətdir ki, müvafiq tövsiyə, birinci növbədə səhiyyə nazirliyi tərəfindən təsdiq olunduqdan sonra hüquqi sənəd hesab olunaraq Təhsil Nazirliyi tərəfindən yerlərə paylanmalıdır.
 
Doğrudan da, dərs cədvəli pedaqoji prosesi tənzimləyən sənəd kimi həm də məktəblinin sağlamlıq, psixo-fizioloji və emosional sferasına uyğun şəkildə tərtib olunmalıdır. Buna görə də dərs cədvəlinin tərtibinə ciddi diqqət yetirmək lazımdır. Başqa sözlə desək, dərs cədvəlinin tərtibi pedaqoji, psixoloji, fizioloji-gigiyenik tələblərə cavab verməlidir. Şübhəsiz, hər bir ümumtəhsil məktəbi və ya tədris müəssisə rəhbəri çalışar ki, tərtib etdiyi dərs cədvəli pedaqoji-psixoloji tələblərə cavab versin, həm təhsil prosesi, həm də insan amili (istər müəllim, istərsə də şagird) nəzərə alınsın. Lakin bu bir faktdır ki, dərs cədvəlinin tərtibində bəzi obyektiv və subyektiv çətinliklər meydana çıxır.
 
Adətən, dərs cədvəlinin tərtibində meydana çıxan çətinliklər aşağıdakı istiqamətdə olur:
 
1. Dərs cədvəlini tərtib edənin cədvələ verilən əsas pedaqoji tələbləri bilməməsi;
2. Dərs cədvəlini tərtib edərkən mükəmməl olmayan üsullardan istifadə edilməsi.
Araşdırmalarımıza əsasən deyə bilərik ki, Azərbaycan ümumtəhsil sistemində dərs cədvəlinin tətbiqi müəyyən məktəblər var ki,
a) ciddi pedaqoji tələblərə,
b) müəllimin istəyinə,
c) dərs hissə müdirinin istəyinə,
d) haqlı olaraq məktəbin şəraitinə əsaslanır (məsələn, məktəb 2- 3 növbəli, uşaq sayı 2 mindən artıq gimnaziya və liseylər olduğu, fənn kabinetlərinin sinif sayına uyğun gəlmədiyi, əvəzçiliklə işləyən müəllim sayının çox olduğu halda və s.).
Adətən, dərs cədvəlini tədris planına əsasən, müəllimlərin tədris yükünə görə mexaniki bölüşdürmə prinsipi üzrə tərtib etdikdə, o, məktəbdə işin pozulmasına səbəb olur. Cədvəldə dərslərarası boş dərs saatının olması da müəllimin iş gününü uzadır, yaxud onun bir gündə dərslə həddindən artıq yüklənməsi yorğunluğa səbəb olur. Dərs cədvəli pedaqoji tələblər nəzərə alınmaqla tərtib edilərsə, müəllimlərə öz peşə fəaliyyətlərini məqsədəuyğun təşkil etməyə, dərs planlarında qarşıya qoyulmuş vəzifələri düzgün, sistemlə həyata keçirməyə imkan verər.
Dərs cədvəlinin tərtibində ümumi pedaqoji prinsiplər və müəyyən amillər nəzərə alınmalıdır.Prinsiplər aşağıdakılardır:
a) davamlılıq, b) sistemlilik, c) ardıcıllıq, ç)ədalətlilik.
Dərs cədvəli tərtib edilərkən cədvəlin tərtibinə verilən pedaqoji, psixoloji və gigiyenik tələblər nəzərə alınmalıdır.
Cədvəlin tərtibinə verilən pedaqoji tələblər
Dərs cədvəlinin tərtibində bir çox amillər nəzərə alınmalıdır. Bu amillərə məktəblinin psixofizioloji xüsusiyyətləri ilə yanaşı, məktəblilərin və müəllimlərin arzu və maraqları, məktəbdə sanitar-gigiyenik normalar, fənn kabinetlərinin sayı, xüsusilə təhsilin məzmununun xüsusiyyətləri daxildir. Tədris prosesinin təşkili zamanı təlim məşğələləri 8 saatdan az olmayaraq və beş günlük tədris həftəsinə görə nəzərdə tutulmalıdır. Dərsin müddəti bir və iki növbəlidən asılı olmayaraq 45 dəqiqədən çox olmamalıdır.
Dərs cədvəlinə verilən başlıca tələb, hər şeydən əvvəl, dərslərin həm tədris həftəsinin günləri üzrə, həm də bir təlim günü daxilində düzgün yerləşdirilməsidir.
Müşahidələr göstərir ki, həftə ərzində şagirdlərin təlim fəaliyyətinin keyfiyyəti eyni səviyyədə olmur. Belə ki, ikinci, üçüncü və dördüncü günlərdə onların iş qabiliyyəti çox yüksək olur, birinci gün isə aşağı düşür. Çünki şagirdlər istirahət günündən sonra işə alışmağa başlayırlar. Axırıncı təlim günü – beşinci gün isə şagirdlərin ixtiyari diqqəti zəifləyir. Onlar yorulduqlarından qeyri-ixtiyari olaraq istirahətə hazırlaşırlar.
Təlim günü ərzində dərs məşğələləri üçün iş qabiliyyəti, ən yaxşı diqqət, fəaliyyət, maraq əsasən ikinci, üçüncü və dördüncü məşğələ saatlarında yaranır: birinci məşğələ saatında, beşinci və altıncı saatlarda isə aşağı olur. Axırıncı dərslərdə şagirdlər yorğun olurlar.
Həftəlik dərs cədvəlini tərtib edərkən bu metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir:
1. Fənlərin çətin tədris edildiyi günlərdə onları təsviri incəsənət, rəsmxət, fiziki hazırlıq, musiqi, texnologiya kimi nisbətən asan fənlərlə növbələşdirmək lazımdır. Çətin fənlər üzrə dərslər 2-ci, 3-cü və 4-cü məşğələ saatlarında olmalıdır. Yazılı çalışmaların yerinə yetirildiyi dərslərdən əvvəl fiziki tərbiyə dərslərinin keçirilməsi məqsədəuyğun deyildir, çünki hərəkətlərlə orqanizmin əzələ sisteminin həddindən artıq yüklənməsi kalliqrafiyaya mənfi təsir göstərir.
2. Çətin fənlər üzrə ikidən artıq dərsin cədvələ ardıcıl salınmasından çəkinmək lazımdır. O qədər də çətin olmayan, lakin böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin (məsələn, ədəbiyyat, tarix, coğrafiya) eyni günə salınması məsləhət deyil. Hər bir sinifdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır, yəni dəqiq fənlər dillər, ədəbiyyat və ictimai fənlərlə növbələşdirilməlidir.
3. Tədrisinə həftədə iki saat vaxt ayrılmış fənlər üzrə dərslər cədvələ elə salınmalıdır ki, onların arasında iki-üç gün, tədrisinə həftədə üç saat verilmiş fənlər üzrə isə dərslər arasındakı fasilə bir gün olsun. Hər hansı fənn üzrə dərslərə uzun müddət fasilə verilməsi, cədvəldəki saatların bərabər bölüşdürülməməsi şagirdlərin fənnə müntəzəm diqqət yetirmələrinə imkan vermir.
4. Pedaqoji mülahizələrə əsasən, lazım gəldikdə, cədvəldə bir fənn üzrə qoşa dərslərin salınmasına icazə verilə bilər. Yuxarı siniflərdə fizika və kimyadan qoşa dərslər laboratoriya işlərini düzgün təşkil etməyə imkan verir. Ədəbiyyatdan qoşa dərslər inşa yazıları üçün, böyük həcmli bədii əsərləri daha dərindən araşdırmaq üçün istifadə edilə bilər. Yuxarı siniflərdə riyaziyyat və informatika təhsil sahələri üzrə qoşa dərslər nəzəri materialları daha yaxşı möhkəmləndirməyə kömək edir. Riyaziyyat üzrə həmin saatlardan iki saatlıq yoxlama yazı işləri üçün də istifadə etmək olar. Fiziki tərbiyə və texnologiya üzrə də qoşa dərslərin təşkili məqsədəuyğun hesab olunur. Bazar ertəsi və cümə günlərində qoşa dərslərin cədvələ salınması didaktik cəhətdən əhəmiyyətli hesab edilmir. Bu məqsədlə, müəllimin eyni fənn üzrə dərslərini paralel siniflərdə eyni bir dərs gününə salmaq məsləhətdir. Bu, müəllimin məşğələlərə hazırlaşmasını yüngülləşdirir, siniflər üzrə şagirdlərin biliyində olan kəsirləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır.
5. Mövcud təcrübə göstərir ki, müəllimə hər bir təlim günündə, bir növbədə işləməsinə, hətta əgər o, birinci və ikinci növbədə işləsə belə dərslərini ardıcıl keçməyə imkan verilməlidir.
6. Həftəlik dərs yükünü müəllimlər arasında günlər üzrə bərabər surətdə bölüşdürmək, cədvəldə müəllimin dərs ardıcıllığını gözləmək (həm də dərslər arasında boş saat saxlamaq) lazımdır. Bu, direktor və ya təlim-tərbiyə üzrə direktor müavini üçün istisna edilir, çünkü onlara başqa müəllimlərin dərslərini dinləmək, işlərini yoxlamaq lazım gəlir.
7. Dərs cədvəllərində siniflərdə müəllimlər tərəfindən əyani vəsait və mövcud kabinetlərdən (fizika, kimya, biologiya, informatika, idman zalı və s.) istifadə edilməsi imkanları nəzərdə tutulmalıdır. Əgər əyani vəsaitlərin komplekti paralel siniflərdə dərs deyən eyni fənn müəllimlərini təmin etmirsə, onda onların dərsləri cədvəldə müxtəlif saatlara düşməlidir.
8. Dərs cədvəlinin tərtibi ərəfəsində bu və ya digər fənn üzrə təlimin təşkili və həyata keçirilməsi nəzərə alınmaqla yanaşı, müəllimlərin kadr tərkibinin xüsusiyyətlərini də nəzərə almaq vacib şərtdir. Burada gənc mütəxəssislərin, sinif rəhbərinin, əvəzçiliklə işləyənlərin dərsləri nəzərə alınmalıdır. (məsələn, sinif rəhbəri fizika fənnini tədris edirsə, bu fənn çətin fənlərə aid olsa da bu dərsi heç olmasa günün III-IV saatlarına salmaq məsləhətdir ki, o, sinfində olan şagird kontingentinə nəzarət edə, başqa müəllimlərin onun sinfi haqqındakı fikirlərini öyrənə bilsin və ən əsası isə təlim gününün axırına qala bilsin ki, valideyinlərlə görüşsün. Bir sözlə, sinif rəhbərinin müəllim, sinif kollektivi və validenlərlə informasiya mübadiləsi üçün şərait yaradılması məqsədəuyğundur). Gənc mütəxəssislərin dərsi onlarla eyni fənni aparanlarla üst-üstə düşməsə, yaxşı olar ki, boş vaxtlarında onlar təcrübəli müəllimlərdən öyrənə və təcrübə mübadiləsi apara bilsinlər. Bu proses metodkabinetin işini də asanlaşdıra bilər və s. Bundan sonra tərtib olunmuş cədvəlin ilk maketi müəllim kollektivi, sonra məktəb rəhbərliyi arasında müzakirə oluna bilər.
9. Kiçikyaşlı məktəblilər üçün dərslərin əsas fənlər üzrə 2-ci, 3-cü, orta və yuxarı sinif şagirdləri üçün 2-ci, 3-cü, 4-cü saatlarda aparılması məqsədəuyğun bilinir. Gün ərzində həftənin də əsas fənlərini (oxu, yazı, riyaziyyatı) musiqi, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə dərsləri ilə növbələşdirmək məqsədəmüvafiqdir. V-IX siniflərdə bu dərsləri həftənin günlərinə görə də bərabər bölüşdürmək lazımdır.
10. Dərs cədvəlinin tərtibində şəraiti elə qurmaq lazımdır ki, tədris müvafiq kabinetlərdə təşkil edilsin.
11. Yaxşı olardı ki, ibtidai siniflərin cədvəlində bir gün "yükdən azadolma günü” tətbiq olunsun. (Nisbətən əyləncə xarakterli, zehni gərginliyi az tələb edən gün).
12. Dərs cədvəllərinin hazırlanmış bir neçə variantı bütün müvafiq və maraqlı şəxslər ilə müzakirə edilir, bundan sonra o, məktəbin direktoru tərəfindən təsdiq edilir və əvvəlcədən müəyyən olunmuş yerlərdə asılır.
13. Təcrübə və araşdırmalar göstərir ki, zehni iş qabiliyyəti şagirdin təlim həftəsinin müxtəlif günlərində eyni deyil. Həftənin əvvəlində (bazar ertəsi) və sonunda (cümə) onun səviyyəsi aşağı olaraq qalır. Yeni materialın təqdimi və yoxlama işləri tədris həftəsinin ortalarında, 2-4-cü dərslərdə keçirilməlidir.
14. Dərs cədvəli tərtib edilərkən müəllimlər üçün metodik günün müəyyənləşdirilməsi məqsədə-uyğundur.
Dərs cədvəlinə verilən psixofizioloji və gigiyenik tələblər.
Ümumtəhsil məktəblərində aparılan müşahidələr göstərir ki, bəzi hallarda dərs cədvəlinə verilən gigiyenik tələblərə düzgün əməl olunmur. Bu isə müəllimlərin iş qabiliyyətinin aşağı düşməsinə, şagirdlərin isə həddindən artıq yorulmalarına gətirib çıxarır. Ona görə də tədrisin səmərəliliyini artırmaq həftənin günləri və günün saatları üzrə dərslərin düzgün planlaşdırılmasından, yəni dərs cədvəlinin elmi əsaslarla tərtibindən çox asılıdır.
Dərs cədvəlini düzgün tərtib etmək üçün şagirdlərin yaş xüsusiyyətlərini, fənlərin çətinlik dərəcəsinə görə müxtəlifliyi, həftənin günlərinə və saatlarına görə məktəblinin iş qabiliyyətinin dəyişməsini və s. obyektiv amilləri nəzərə almaq vacibdir. Deməli, cədvəldə dərslərin səmərəli düzülüşünə nail olmaq üçün şagirdlərin yaş xüsusiyyətlərini də bilmək vacibdir. Odur ki, cədvəldə dərslərin səmərəli düzülüşünə nail olmaq üçün dərs cədvəlini tərtib edən şəxsin əlində valeoloji biliklərə əsaslanan, məktəblinin fizioloji göstəricilərini əks etdirən məlumatlar da olmalıdır.
Qeyd edək ki, valeoloetik təhsil və tərbiyə- təhsil alanlarda sağlamlığa olan tələbat, onlara sağlam həyat tərzinin elmi anlamını başa salmaq və onu həyata tətbiq etməyi öyrətmək mənasıını verir.
Bununla birlikdə, müəyyən yaş mərhələsində şagirdlərin psixi inkişafında bəzi dəyişikliklər olur. İbtidai siniflərdə kiçik məktəb yaşlı şagirdlərin mərkəzi sinir sistemi zəif inkişaf etdiyindən orada oyanma ləngiməyə nisbətən daha qüvvətli olur. Çünki bu yaşda uşaqlar oynaq və mütəhərrik olur, dinc dayana bilmirlər. Fizioloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kiçik məktəb yaşlı şagirdlərdə beynin funksional fəaliyyəti lazimi qədər formalaşa bilmir.
Kiçik yaşlı məktəblilərin əzələ sistemi zəif inkişaf etdiyindən əzələ lifləri olduqca nazik və qısa olur. Ona görə də həmin yaşda uşaq əzələləri gərginliyə davamsız olur və tez yorulur. Deməli, kiçik yaşlı məktəblilərdə yazı dərsini günün keyfiyyətli saatlarına salmaq, əzələ fəaliyyətinin çox sərf edildiyi fənləri isə ardıcıl verməmək lazımdır.
Psixoloji tədqiqatlar göstərir ki, əgər yuxarı sinif şagirdləri yüklənmədən qorunmaq üçün, mütləq olunacaq işləri seçə bilirsə, yəni məlumatların tənzimlənməsinə meyl göstərirsə, kiçik məktəblilərin orqanizmi isə məlumatların belə tənzimlənməsinə öyrənməmişdir. Buna görə də kiçik yaşlarda zehni yüklənmə çox olur və yorulma tez başlayır.Bu mənada qeyd etməliyik ki, hər bir yaş dövründə orqanizmin funksional imkanlarının nəzərə alınması vacibdir.
Yorulmanın gedişində iki mərhələni ayırd etmək olur: birinci mərhələ- oyanma fazasıdır. Bu zaman uşaqlarda narahatlıq, diqqətin zəifləməsi və s. müşahidə olunur. Şagirdlər dərslərin axırında o yan – bu yana boylanır, səs salır, vəziyyətlərini tez-tez dəyişirlər. Yorulmanın ikinci mərhələsi- tormozlanma fazasıdır. Bu dövrdə uşaq süstləşir, hərəkətsiz olur, onu yuxu basır. Kiçik məktəb yaşlı uşaqlarda oyanma tormozlanma prosesinə nisbətən üstünlük təşkil edir. Tormozlanma funksiyasının zəifliyi nəticəsində tədris məşğələlərinin təsiri altında kiçik yaşlı məktəblilər daha tez yorulurlar.
Fizioloqların tədqiqatlarına görə, sinir sistemi funksiyalarının intensiv inkişafı dövründə onun yorulması, uşağın ümumi inkişafına mənfi təsir göstərir. Oyanma prosesinin üstünlüyü orqanizmdə enerjinin həddindən artıq sərf edilməsinə və sinir sisteminin zəifləməsinə səbəb olur.
Müşahidələr göstərir ki, ibtidai sinif şagirdlərinin diqqəti davamsızdır. Ona görə də dördüncü dərsdə şagirdlərin diqqətinin yayınma müddəti artır, effektliyi azalır. Bunları nəzərə alaraq kiçik yaşlı məktəblilərin dərs cədvəlində dərslərin növbələşməsindəki rəngarəngliyi daha çox nəzərə almaq və həm də yorğun saatlarda asan fənləri (fiziki tərbiyə, texnologiya, musiqi və s.) cədvələ salmaq məqsədəmüvafiqdir. Orta məktəb yaşlı şagirdlərin yaş dövrünün bəzi dəyişikliklərini də diqqətə çatdırmağı məqsədəuyğun sayırıq. Məlumdur ki, orta məktəb yaşı keçid yaşı sayılır. Hansı ki, bu yaşda orqanizm yetkinlik prosesində olur.
Mərkəzi sinir sisteminin funksional inkişafı əhəmiyyətli dərəcədə artır. Yeniyetməlik dövründə ürəyin inkişafı damarlara nisbətən daha sürətli olur. Bu da şagirdlərdə əzginlik, baş ağrısı, süstlük və tez yorulma hisslərini əmələ gətirir.
11-15 yaşlarında döş qəfəsi və tənəffüs üzvləri ümumi bədənin inkişafından geri qaldığı üçün bu yaşda şagirdlər əsəbi olurlar. Ona görə ki, bədən hüceyrələri və toxumaları lazımınca oksigenlə təchiz oluna bilmir. Yeniyetməlik dövründə məktəblilər qəhrəmanların həyatını öyrənməyə, texnikaya, romantikaya, macəra və səyahətə aid ədəbiyyata böyük maraqlı olurlar. Bu yaşlarda yadda saxlama prosesi məntiqi və iradi məna kəsb edir. Dilin qanunauyğunluqlarına daha şüurlu şəkildə yiyələnir, beləliklə də, onun şifahi və yazılı nitqi zənginləşir.
Bu xüsusiyyətlərinə görə orta yaşlı şagirdlərin cədvəlində dərslərin düzülüşü kiçik yaşlılardan fərqlənməlidir. Belə ki, çətin fənləri IV dərsə, orta çətinlikli fənləri V-VI saatlarda salmaq olar.
 
Böyük yaşlı şagirdlərin (15yaşla 17-18 yaş arası) əsas xüsusiyyətləri onların kiçik və orta yaşlı şagirdlərə nisbətən fiziki və zehni cəhətdən yetişmələri ilə xarakterizə edilmələrindədir.
Böyük məktəb yaşlı şagirdlər təlimin ictimai mənasını dərk edirlər. Onlar təbiət və cəmiyyətdəki hadisələrin nəzəri əsasları, elmi izahları ilə maraqlanır, insanlar arasındakı münasibətləri təhlil etməyə çalışırlar. Nəticə çıxarmağa çox meyil edirlər.
Böyük məktəb yaşlı şagirdlərə ədəbiyyat, xüsusilə bədii ədəbiyyatın mütaliəsi qüvvətli təsir göstərir. Müxtəlif elmlər üzrə olan kəşflər, onların texnika və istehsalatda tətbiqi ilə dərindən maraqlanırlar.
Böyük yaşlı şagirdlərin bu xüsusiyyətlərinə görə onlarda dialektik baxışların formalaşması üçün fənlərarası əlaqənin cədvəldə nəzərə alınmasına (dərslərin düzülüşünə) diqqət yetirmək vacib tələblərdəndir. Psixoloqlar da şagirdlərin təfəkkür fəaliyyətinin məqsədəyönəldilmiş inkişafı üçün fənlərarası əlaqəyə böyük əhəmiyyət verirlər.
 
Dərsdə fənlərarası əlaqə yaradıldıqda şagirdlərin biliyi genişlənir, onlarda dərketmə prosesi sürətlənir. Belə ki, şagirdlər materiya və onun formalarının vəhdəti qanununu yalnız materiyanın fiziki şəkildən kimyəvi şəklə, kimyəvidən fiziki və hər ikisinin bioloji şəklə çevrilməsi prosesini əlaqəli misallarla açılması şərti ilə, biliklərin elmi sistemini dərindən mənimsəyə bilərlər.
Biologiya, fizika və kimya dərslərində həmçinin coğrafiya və tarixin tədrisi zamanı şagirdlərə təbiətin müxtəlif qarşılıqlı əlaqələrinin öyrədilməsi- kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə çevrilməsi, əksliklərin vəhdəti və mübarizəsi, inkarın inkarı kimi qanunların şüurlu surətdə mənimsənilməsinə ilk zəmin yaradır.
Fənlərarası əlaqənin, biliklərin elmi sisteminin yaradılmasına kömək etməsini nəzərə alaraq, eyni gündə cədvəldə coğrafiya və tarix olduqda coğrafiyanı əvvələ, kimya və fizika olduqda isə fizikanı əvvələ salmaq faydalıdır.
Yaş dövrünün bu xüsusiyyətlərinə görə orta və böyük yaşlı şagirdlərin cədvəlində dərslərin düzülüşü kiçik yaşlılardan fərqlənməlidir.
Tədris planındakı fənlərin mənimsənilməsində bu və ya digər analizatorların daha çox iştirakı ilə əlaqədar fənləri 4 qrupa bölmək olar:
1. Mənimsətmək üçün daha çox düşünmək, mühakimə yürütmək, başqa sözlə, daha çox əqli əməliyyatdan istifadə tələb edən fənlər – riyaziyyat, fizika, kimya;
2. Əqli əməliyyatdan istifadə etməklə bərabər görmə üzvlərinnin iştirakı daha çox tələb edilən fənlər – Azərbaycan dili, xairic dil;
 
3. Dinlənilməsi daha çox tələb edilən, yaxud da eşitmə üzvlərinin iştirakını daha çox tələb edilən fənlər – ədəbiyyat, tarix, coğrafiya, konstitusiya, biologiya;
 
4. Tədrisində əsas yeri bilavasitə praktik hərəkətlərə çox yer verilən fənlər – rəsm, musiqi, texnologiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı.
Tibb elmi üzrə aparılmış tədqiqatlar sübut etmişdir ki, tədris planında elə fənlər vardır ki, həmin fəndən sonra iş qabiliyyəti aşağı düşür, sürətlə dəqiqlik azalır. Digər fəndə isə həmin göstəricilər o qədər də kəskin şəkildə aşağı düşmür. Beləliklə, fənləri çətinliyə görə üç qrupa bölmək olar:
1. Çətin fənlər
 
2. Orta çətinlikli fənlər
 
3. Asan fənlər.
Müxtəlif fənlər üzrə dərslərdən sonra şagirdlər üzərində aparılmış tibbi tədqiqatların nəticələrinin təhlili və təcrübə göstərir ki, fənlər bəzən öz spesifik çətinliyinə, yaş və sinfə görə bu və ya digər qrupa keçə bilərlər. Məsələn, bu mövqedən yanaşsaq, I sinifdə təsviri incəsənət və musiqi ilə V sinifdə keçirilən həmin fənləri eyni qrupa aid etmək düzgün olmaz. I sinifdə həmin fənlər şagirdin yaşına görə orta çətinlikli fənn sayılmalı, IV, V, VI siniflərdə isə asan fənn sayılmalıdır.
 
Eləcə də texnologiya öz məzmununa görə I-IV siniflərdə asan fənn sayılmalı, yuxarı siniflərdə isə texnika ilə əlaqədar olduğundan həmin fənnə asan fənn kimi baxmaq olmaz, cünki bu fənni öyrənmək üçün şagird zehni əməkdən də ( fizika və kimyaya aid nəzəri məlumatlardan da) istifadə etməlidir. Ona görə də bu fənn yuxarı siniflərdə orta çətinlikli fənn kimi götürülməlidir. Bəzi fənlər vardır ki, bu fənlərin tədrisindən sonra iş qabiliyyəti aşağı düşür.
 
Məsələn, V sinifdə tarix fənninin tədrisindən sonra şagirdin iş qabiliyyəti aşağı düşür.
Məktəb təcrübəsinə əsasən belə qənaətə gəlmək olar ki, həftənin I –V günləri qeyri-məhsuldar günlərdir. Məktəbşünaslıqda qeyd edilir: həftənin axırında şagirdlər çox yorulduğundan çətin fənləri həftənin axırıncı gününə salmaq məsləhət görülmür. Çətin fənləri dərs gününün II və III saatlarına, orta çətinlikli fənləri I, III, IV, V saatlara, asan fənləri isə VI saata salmaq məsləhət görülür
Tədris fənlərində tarixi-filoloji xarakterli fənlər xüsusi yer tutur. Məsələn, Azərbaycan dili fənni ana dili kimi şagirdə yaxındır. Bu dil vasitəsilə uşaq başqa adamlarla ünsiyyətdə olur, bununla ətraf mühiti izah edir. Bu xüsusiyyətlərinə görə ana dili uşaqların daxili marağına səbəb olur. Müəyyən dərəcədə də yorğunluq az olur.
 
Hansı ki, bu keyfiyyətlər ədəbiyyat və tarixə də aiddir, bunlar da materialın konkretliyinə görə, süjetliliyinə görə, dərin emosionallığına, həyati lazımlılğına görə mənimsəməni asanlaşdırır və oxuyanların yorğunluq dərəcəsinə təsir edir, yəni yorğunluğun dərəcəsini azaldır. Müxtəlif yorğunluq yaradan dərslərin növbələşməsi zehni əməyin keyfiyyətini artırır.
Mənbələrdə göstərilir ki, şagirdlərin cavablarına və metodik ədəbiyyatdan aldığımız məlumatlara görə aşağıda qeyd etdiyimiz fənləri müvafiq olaraq çətin və asan fənlərə ayırmaq olar:
V sinifdə "çətin” fənn: xarici dil, riyaziyyat, tarix
 
VI sinifdə "çətin” fənn: xarici dil, riyaziyyat, fizika
 
VII sinifdə "çətin” fənn: xarici dil, riyaziyyat, fizika, kimya
 
VIII sinifdə "çətin” fənn: riyaziyyat, fizika, kimya və biologiya
 
IX sinifdə "çətin” fənn: riyaziyyat, fizika
 
X sinifdə "çətin” fənn: riyaziyyat, fizika, kimya
 
XI sinifdə "çətin” fənn: riyaziyyat, fizika, kimya
Ev tapşırıqlarına görə "çətin” fənlər VIII-XI siniflərdə ədəbiyyat və tarixdir.
Bəzi pedaqoji araşdırmalarda riyaziyyat, ana dili, xarici dil, fizika, kimya kimi fənlərin çətin olduğu qeyd olunur.
İbtidai siniflərdə çətin fənn Azərbaycan dili, riyaziyyat və xarici dil hesab olunur.
Zehni gərginlik dərəcəsinə görə həftənin günlərini 2 qrupa ayırmaq olar:
1. Əlverişli
 
2. Əlverişsiz.
 
I-V günlər qeyd etdiyimiz kimi əlverişsiz günlər hesab olunur. II,III,IV günlər isə fənləri mənimsətmək üçün əlverişli günlərdir.
Zehni gərginlik dərəcəsinə görə, həftənin günlərinə səmərəli və səmərəsiz paylanması baxımından tədris fənlərini 2 qrupa bölmək olar. Məsələn, I gün gərgin zehni zəhmət tələb edən dərsləri çox vermək fənnin mənimsənilməsinin səmərəsizliyinə gətirib çıxara bilər. Həftənin orta günlərində dəqiq və humanitar fənləri növbəli vermək fənni səmərəli şəkildə mənimsəməyə imkan verər.
Deməli, fənlərin qruplaşdırılması və növbələşdirilməsi siniflər üzrə müəyyən edilmir və ya siniflər üzrə müəyyən edilmə əsaslandırılmır.
 
 Gigiyena elmində də şərti olaraq fənləri aşağıdakı kimi bölmək məsləhət görülür: əvvəlcə daha çətin, sonra nisbətən yüngül fənlərin yerləşdirilməsi: a) xarici dil və riyaziyyat, b) fizika və kimya, c) tarix, coğrafiya, d) ana dili, ədəbiyyat, e) fiziki tərbiyə, texnologiya, rəsmxətt, təsviri incəsənət, musiqi və oxu.
 
Nəzərə almaq lazımdır ki, fiziki tərbiyə dərslərində əsasən fiziki işdən istifadə olunur. Halbuki o biri fənlərdə (riyaziyyat, ana dili və s.) isə əsas zehni əməkdən istifadə edilir.
Hər hansı əşya və hadisəni növlərə, qruplara ayırdıqda müəyyən konkret əlamətlərə, müəyyən ölçüyə əsaslanmaq lazımdır. Eləcə də fənlər şagirdin fənni mənimsəməsi üçün sərf etdiyi düşünmə qabiliyyətinin çox və ya azlığının miqdarına görə bir-birindən fərqlənirlər.
 
Aydındır ki, bütün biliklər əqli əməliyyat vasitəsilə mənimsənilir. Elə fənlər vardır ki, şagirdin həm fənləri mənimsəməsi üçün daha gərgin şəkildə əqli əməliyyata müraciət etməsi, düşünüb mühakimə aparması lazımdır, digərinin mənimsəməsi üçün də əqli əməliyyat aparması müəyyən dərəcədə vacibdir, lakin gərgin şəkildə yox.
Araşdırmalarımızdan belə məlum oldu ki,dünya təcrübəsinə əsasən dərs cədvəlinin tərtibində bal sistemi mövcuddur. Belə ki, ballar fənlərin zehni gərginlik dərəcəsinə əsasən təyin olunur. Fikrimizi aşağıdakı şəkildə reallaşdıra bilərik. Tədris fənlərinin çətinlik dərəcəsinə görə sıralanması (10 ballı sistemlə). 

 

Fənlərin ballar üzrə bu cür göstərilməsi həm ibtidai təhsil, həm də ümumi təhsil üçün nəzərdə tutula bilər. Hazırda dünya təhsil sistemində dərs cədvəlinin ballar əsasında elektron cədvəllərlə tərtibi qaydaları mövcuddur. Elmi mənbələrə və qabaqcıl dünya təcrübəsinə istinadən qeyd etdiklərimiz aşağıdakı təklifləri söyləməyə imkan verir:
1.Zehni gərginlik dərəcəsinə görə tədris günlərinin məhsuldar və qeyri məhsuldar günlərə ayrılmasını ibtidai siniflərə şamil etməmək olar.Belə ki, yuxarı sinif şagirdlərində təfəkkür sözlü-məntiqi və mücərrəd xarakterdə olur, analitik təfəkkür güclü inkişaf etməyə başlayır.
 
Ona görə də onlar I gün istirahətdən qayıdarkən hələ də o təsirdə olur, V gün isə beyində belə bir stereotip formalaşır ki, artıq yorulmuşam, istirahət lazımdır.Kiçik məktəb yaşı dövründə isə uşaqlarda əyani-əməli və obrazlı təfəkkür güclü olur, həmşinin emosional-iradi sfera davranışlarında üstünlük təşkil edir. Onlar üçün gözəl, cəlbedici, müasir texnologiyalar əsasında təşkil olunmuş dərslər həftənin istənilən günündə kiçik məktəblini özünə cəlb edə bilər.
2.Xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün xüsusi tədris planı nəzərə alınmaqla , eləcə də fərdi xüsusiyyətlərindən, özlərinin və valideynlərinin( qanuni nümayəndələrin) sağlamlıq vəziyyəti nəzərə alınmaqla yorğunluğun qarşısını almaq üçün həftə ərzində işgüzarlığı optimal səviyyədə saxlamaq üçün həftənin ortalarında (bir qayda olaraq çərşənbə günü) sadələşdirilmiş tədris gününün müəyyənləşdirilməsi yaxşı olardı.
3. Hazırda ümumtəhsil məktəblərimizin demək olar ki, əksəriyyətində dərslər bir növbəlidir. Ona görə də yenə də məktəbin tədris rejiminə uyğun olaraq dərslərarası tənəffüsləri (dərs müddətinə toxunmamaq şərtilə) uzatmaq olar.
İntiqam Cəbrayılov,  pedaqogika üzrə elmlər doktoru, professor
 
Pərişan Həsənova,  pedaqogika üzrə fəlsəfə doktoru

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?