Psixoloq

Ünsiyyət nədir

  • Admin
  • 29-mar-2024, 18:23
  • 9 Baxış




Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi  aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə  ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri  şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar.  Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri  olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəv­vürlərini başqalarına aşılayırlar. Aydındır ki, ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların başqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların başqalarına olan tələbatı (Y.L.Kolo­­minski) və s. hesab etmişlər.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdişlərə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli, ünsiyyət, hər şeydən əvvəl, obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir.
Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir.
Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur.
Ümumi psixologiya baxımından ünsiyyət probleminin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhlulu kimi qəbul edilə bilir. İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir. 
Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur:
1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ün­siy­yətin kommunikativ tərəfi;
2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;
3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi.
Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcud­­dur (R.S.Nemov).
Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müx­təlif xarakter daşıya və fərqlənə bilir.
Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosianal vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər.
Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haq­qında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər (R.S.Nemov).
İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informa­siyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü gös­tə­rir.
İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.
Ünsiyyətin növləri. Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur.
Məzmunundan   asılı olaraq ünsiyyətin  aşağıdakı növlə­rini göstərə bilərik:  maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).
Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və sosial növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, qorumaq, saxlamaq və inkişaf    etdirməklə bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası təması, münasibətləri yaratmaq və inkişaf etdirmək, fərdin şəxsi yüksəlişini genişləndirmək və möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq  vasitəsiz və vasitəli növlərini qeyd etmək olar.
Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur.
Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən,­­ çox vaxt partnyorlar zaman və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən  istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn, qlobal internet sistemi istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır.
Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə sonrakı bölmədə bəhs olunacaqdır).  
Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm funksiyaları həyata keçirir. Psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Kar­penko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:
Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiy­yətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.
İnformasiya funksiyası. Bu funksiyanın məqsədi mə­lumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarət­dir.
Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir.
Əlaqələndirmə funksiyası. Bu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.
Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından  ibarətdir.
Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqa­bilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir («emosiyaların mübadiləsi»).
Münasibətlərin yaradılması funksiyası. Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir.
Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s. dəyişdirməkdən ibarətdir.
Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da onun funksiyalarını ətraflı şərh etmişlər. Bu baxımdan B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə diqqəti cəlb edir . B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affek­tiv- kommunikativ.
Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci növbədə məlumatın, informasiyanın verilməsi və qəbul olunması vəzifəsini, başqa sözlə informasiya mübadiləsi funk­siyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi de- yildir ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri kimi qəbul edirlər.
Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda bu prosesdə davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər. Bunun isə əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyət bu funksiyanı yerinə yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir.
Ünsiyyətin affektiv-kommunikativ funksiyasının əhəmiyyəti də az deyildir. Bu funksiya insanların emosional sferasına aid olub, onlarda emosional vəziyyətin determinantı, şərti kimi özünü göstərir.
Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun digər özünəməxsus funksiyalarından da söhbət açmaq olar. Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil etmək, insanların bir-birlərini, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək və s. funksiyalarını aid etmək olar.
Ünsiyyət və fəaliyyətin vəhdəti
Ünsiyyət psixologiyasında mütəxəssislərin diqqətini cəlb edən əsas, prinsipial məsələlərdən biri ünsiyyətlə fəaliyyətin vəhdəti məsələsidir. Lakin bu məsələyə psixoloqların yanaşma tərzi müxtəlifdir. Qərb ölkələrinin bir sıra psixoloji konsepsiyalarında ünsiyyət  və fəaliyyət bir-birinə qarşı qoyulur. Bu konsepsiyalarda ünsiyyət amili davranışın determinantı, şərti kimi qəbul olunsa da, bu zaman fəaliyyətin dəyişdirici rolu nəzərə alınmır. Burada sosial proses mənəvi nitq ünsiyyəti prosesi kimi götürülür. Məhz buna görə də A.N.Leontyevin fikrincə bu kimi hallarda fərd praktik şəkildə fəaliyyət göstərən varlıqdan ünsiyyətə girən varlıq kimi qəbul olunur.
Bunun əksinə olaraq bəzi psixoloqların fikrincə ün­siyyət və fəaliyyət vəhdət təşkil edir. Belə bir nəticə məntiqi olaraq ünsiyyətin real insan münasibəti kimi başa dü­şülməsindən irəli gəlir. Bu baxışa görə hər cür ünsiyyət forması insanların birgə fəaliyyətinin spesifik formasından ibarətdir. İnsanlar sadəcə olaraq müxtəlif sosial funksiyaları yerinə yetirərkən «ünsiyyətə girmirlər». Onlar həmişə bir neçə fəaliyyət prosesində ünsiyyət saxlayırlar. Buradan isə aydın olur ki, daima işgüzar adam ünsiyyətə girir, onun fəaliyyəti həmişə başqa adamların fəaliyyəti ilə üst-üstə düşür. Lakin məhz fəaliyyətin həmin kəsişməsi işgüzar adamın təkcə öz fəaliyyətinin predmetinə deyil, başqa adamların fəaliyyətinə qarşı da müvafiq münasibət, birgə fəaliyyəti yerinə yetirən fərdlər arasında birlik yaradır. Beləliklə ünsiyyətin fəaliyyətlə vəhdəti faktı psixologiyada fəaliyyət nəzəriyyəsinə istinad edən bütün psixoloqlar tərəfindən qəbul olunur, lakin bu əlaqənin xarakteri müxtəlif şəkildə başa düşülür.
Bəzən fəaliyyət və ünsiyyətə yanaşı şəkildə mövcud olan proses kimi deyil, insanın sosial mövcudluğunun, onun həyat tərzinin iki tərəfi kimi baxırlar (B.F.Lomov). Başqa bir halda ünsiyyəti fəaliyyətin müəyyən sahəsi kimi başa düşürlər (A.N.Leontyev). Bəziləri isə ünsiyyəti fəaliyyətin xüsusi növü kimi şərh edirlər (A.A.Leontyev).
Psixoloqlar belə bir fikri əsaslandırırlar ki, ünsiyyətin köməyi ilə fəaliyyət təşkil olunur və zənginləşir. Ünsiyyətə girən tərəflər arasında birgə fəaliyyət planının tərtibi onların hər birindən fəaliyyətin məqsəd və vəzifələrini bilməyi, obyektin spesifikasını, öz imkanlarını aydınlaşdırmağı tələb edir. Ünsiyyətin  bu prosesə daxil olması onun iştirakçılarının «razılıq» və ya «narazılığı» həyata keçirmələrinə imkan verir.
Bütün qeyd olunanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə üzvü şəkildə vəhdət təşkil etdiyini söyləməyə imkan verir. 
kayzen.az 




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?